Fev 18, 2023 07:50 Asia/Baku
  • İran Türkmənistan və Rusiya qazını istənilən istiqamətdə nəql etməyi təklif edir

İran İslam Respublikası Türkmənistan və Rusiya qazını istənilən istiqamətdə, o cümlədən Cənubi Asiya üzrə istehlakçılara nəql etməyi təklif edib.

Bu barədə Mərkəzi Asiya Xəbərləri (News Central Asia) nəşri məlumat yayıb.

Fevralın 15-17-də Aşqabadda keçirilən İran İslam Respublikasının İxtisaslaşdırılmış Sərgisi çərçivəsində İran Qaz Mühəndisliyi və İnkişafı Şirkətinin idarəedici direktoru və idarə heyətinin sədri Rza Növşadi deyib ki, onun ölkəsi Rusiya və Türmənistan qazını istənilən ölkəyə çatdırmağa hazırdır.

“Biz rəsmi olaraq tövsiyə edirik və “Qazprom” və “Türkmənqaz”a təklif etmişik ki, İran şimalda Türkmənistan və Rusiyadan qaz alıb, cənubda istənilən ölkəyə çatdırmağa hazırdır”, deyə İran rəsmisi bildirib.

Növşadi onu da əlavə edib ki, onun ölkəsi Pakistana qaz tədarük etməyə hazırdır. O, qeyd edib ki, artıq Pakistanla sərhədə sutkada 100 milyon kubmetr ötürmə qabiliyyətinə malik boru xətti çəkilir.

İran rəsmisi vurğulayıb ki, hazırda İran cənuba sutkada 100 milyon kubmetrədək qaz ötürmək gücünə malikdir ki, bu da ildə təxminən 36,5 milyard kubmetr qaz deməkdir.

Teqlər