Əmir Abdullahian: "Müharibə Ukraynadakı münaqişənin həll yolu deyil"
İran xarici işlər naziri Ukrayna münaqişəsi ilə bağlı İran İslam Respublikasının prinsipial mövqeyini şərh edərək, deyib: "İran müharibəni həll yolu hesab etmir".
SəhərAzəri-nin məlumatına görə, İranın xarici işlər naziri və BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Martin Qriffits çərşənbə axşamı Tehranda Suriya, Yəmən, Əfqanıstan və Ukrayna ölkələrindəki humanitar vəziyyət də daxil olmaqla, ümumi narahatlıq doğuran məsələləri müzakirə ediblər.
Hüseyn Əmir Abdullahian Rusiya ilə Ukrayna arasındakı münaqişə ilə bağlı İran İslam Respublikasının prinsipial mövqelərini izah edərək, vurğulayıb: "İran müharibədə heç bir tərəfə hərbi yardım göstərmir, müharibəni həll yolu hesab etmir və Ukrayna da daxil olmaqla bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir".
Xarici işlər naziri İran İslam Respublikasının bir neçə milyon əfqan qaçqın və miqrantı qəbul etməsinə toxunaraq, onların ehtiyaclarının ödənilməsi üçün müvafiq infrastrukturun yaradılmasında BMT tərəfindən dəstək verilməsinin zəruriliyini vurğulayıb.
İclasda Martin Qriffits də İranın xarici işlər nazirinə humanitar məsələlərlə bağlı səyləri barədə məlumat verib və Əfqanıstan və Ukraynadakı humanitar vəziyyətlə bağlı öz fikirlərini açıqlayıb.