May 03, 2023 12:27 Asia/Baku
  •  Bəşşar Əsəd İran prezidentini rəsmi şəkildə qarşılayıb

İran prezidenti Seyid İbrahim Rəisi Dəməşqdə suriyalı həmkarı Bəşşar Əsəd tərəfindən rəsmi qarşılanıb.

SəhərAzəri-nin məlumatına görə, çərşənbə günü Bəşşar Əsədin rəsmi dəvəti ilə iki günlük səfər üçün Tehrandan Suriyanın paytaxtına yola düşən Rəisini Suriya prezidenti "Xalq Sarayı"nda qarşılayıb.

Rəsmi qarşılanma mərasimində əvvəlcə iki ölkənin dövlət himnləri səsləndirilib, prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər, sonra isə Rəisi və Bəşşar Əsəd onları müşayiət edən yüksək səviyyəli rəsmiləri bir-birlərinə təqdim ediblər.

Rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin sədrliyi ilə iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək.

Prezident Rəisi və onu müşayiət edən nümayəndə heyəti Suriyaya iki günlük səfəri zamanı Suriyanın yüksək səviyyəli rəsmiləri ilə siyasi əlaqələrin gücləndirilməsi və möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcək.

Prezident Rəisi, həmçinin İran və Suriya iş adamlarının birgə toplantısında iştirak edəcək və onlarla söhbət edəcək

Suriyada yaşayan İran vətəndaşları ilə görüş və Suriyadakı müqəddəs yerləri ziyarət etmək də Rəisinin Suriyaya səfərinin digər proqramlarındandır. 

Bu, 2011-ci ildən bəri İran İslam Respublikası prezidentinin Suriyaya ilk səfəridir.

Teqlər