Danimarkanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb
Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimə edilən təhqirlərdən sonra bu gün Danimarkanın Tehrandakı səfiri İran İslam Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.
Son bir neçə həftədə cümə axşamı (20 iyul) İsveç-İraq vətəndaşı ikinci dəfə Qurani-Kərimə hörmətsizlik etdikdən sonra Danimarkada ifrat sağçı qrup İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin bir nüsxəsini yandırıb.
İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa Departamentinin baş direktoru Məcid Nili-Əhmədabadi insidentdən sonra Danimarkanın İrandakı səfiri Jesper Vahr-ı çağırıb.
Əhmədabadi dünyanın istənilən yerində İslam müqəddəslərinə qarşı hər cür təhqiri pisləyib və deyib: "Avropada ilahi kitabların yandırılması cəhalət dövrünün və orta əsrlərin qaranlıq atmosferini xatırladır və bu da öz növbəsində Qərbdə fikir və etiqad azadlığı üçün ən böyük təhlükədir.
Xarici İşlər Nazirliyinin rəsmisi Avropa hökumətlərinin səmavi kitabların yandırılması ilə bağlı passiv yanaşmasına toxunaraq, qeyd edib ki, səmavi kitabların yandırılması fikir azadlığının sonu deməkdir və belə bir mədəni cinayət qarşısında susmağın zorakılıq və terrorizmi təşviq və təbliğ etməkdən başqa bir nəticəsi yoxdur.
İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa Departamentinin baş direktoru Danimarka səfirinə xitabən deyib: "İran İslam Respublikası dünyadakı azad düşüncə sahibləri və müsəlmanlar ilə birlikdə Danimarka hökumətindən çəkindirici tədbirlər görməklə acı və qaranlıq yanaşmaların təkrarlanmasının qarşısını almaq üçün ciddi addımlar atmasını, pozucuları həbs edib, ağır cəzalandırmaq yolu ilə ilahi dinlərin müqəddəslərinə hörmət və dinc yanaşı yaşama prinsipinin reallaşmasına zəmin yaratmasını istəyir".
İclasda Danimarka səfiri də öz növbəsində Qurani-Kərimin sahətinə edilmiş cəsarətdən təəssüfləndiyini bildirib və deyib ki, Danimarka Xarici İşlər Naziri Qurani-Kərimin təhqir olunmasını pisləyib və bunu dəhşətli bir hərəkət kimi qiymətləndirib.
Jesper Vahr digər dinlərə qarşı hörmətsizliyi utanc verici bir hərəkət kimi qiymətləndirib və əlavə edib: "Danimarka hökuməti yalnız təfriqə yaratmaq məqsədi daşıyan və heç bir məqsədə xidmət etməyən bu cür təxribatçı əməllərdən özünü uzaq tutur".
Danimarkanın İrandakı səfiri vəziyyətlə bağlı hökumət rəsmilərinə dərhal məlumat verəcəyini bəyan edib.