İran və Oman fələstinlilərin məcburi təxliyəsi ilə bağlı xəbərdarlıq edib
İran İslam Respublikası və Omanın xarici işlər nazirləri şənbə günü telefon danışığında Qəzzədə fələstinlilərin məcburi təxliyəsinə qarşı olduqlarını vurğulayıblar.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Omanlı həmkarı Seyid Bədr bin Busəidi şənbə günü telefon danışığında Fələstində baş verən hadisələri müzakirə ediblər.
Telefon danışığında hər iki tərəf Fələstin xalqının, xüsusilə də qadın və uşaqların öldürülməsinin dərhal dayandırılması, Qəzzə zolağının blokadasının qaldırılması və yanacaq, qida, dərman və tibbi avadanlıqlar daxil olmaqla humanitar yardımın göndərilməsi yollarını müzakirə ediblər. Hər iki rəsmi, həmçinin Qəzzədə fələstinli sakinlərin məcburi köçürülməsinə qəti şəkildə qarşı olduqlarını bildiriblər.
İranın xarici işlər naziri həmçinin Lüksemburqun xarici işləri naziri Jan Asselborn ilə telefon danışığı apararaq, Fələstin hadisələrini müzakirə edib.
Əmir Abdullahian Qəzzədə dinc əhalinin öldürülməsini və oradakı humanitar böhranı sionist rejimin baş naziri Benyamin Netanyahunun ekstremist siyasəti ilə əlaqələndirib.
Xarici işlər naziri Fələstin müqavimət qruplarının sionist rejimin işğalçılığına qarşı hərəkətlərinin beynəlxalq hüquqa əsaslandığını bildirib və əlavə edib: "Sionist rejimin Qəzzədə dinc əhaliyə qarşı son cinayətləri onun Fələstin müqavimət qüvvələri qarşısında acizliyini göstərir".
Lüksemburqun xarici işlər naziri Qəzzədəki kritik vəziyyətdən xəbərdar olduğunu bildirərək, münaqişənin ən qısa zamanda sona çatacağına və siyasi həllə üstünlük veriləcəyinə ümid etdiyini bildirib.
O, həmçinin bildirib ki, İran İslam Respublikasının regionda həmişə oynadığı fəal və konstruktiv rol orada sülh və əmin-amanlığın bərpasına kömək edə bilər.
Qeyd edək ki, İran son iki həftədə Qəzzə zolağında fələstinlilərə dəstək məqsədi ilə diplomatik səylərini artırıb, prezident İbrahim Rəisi və xarici işlər naziri Əmir Abdullahian həm regionda, həm də ondan kənarda müxtəlif ölkələrin rəsmiləri ilə telefon danışıqları aparıb.
Ötən həftə Əmir Abdullahian bu səylərə uyğun olaraq dörd regional ölkə olan İraq, Suriya, Livan və Qətərə səfər edib.