Mart 27, 2024 14:43 Asia/Baku
  • İnqilab Rəhbəri: Biz Fələstini dəstəkləməkdən çəkinmirik

İslam İnqilabının Aliməqamlı Rəhbəri bildirib ki, Müqavimət qüvvələrinin və Qəzzə əhalisinin misilsiz müqaviməti İslama şərəf bəxş etdi, İran İslam Respublikası Fələstin və Qəzzəyə dəstək verməkdən çəkinməyəcək.

Həzrət Ayətullahül-üzma Xamenei martın 26-da HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşərək, Fələstin müqavimət qüvvələrinin və Qəzzə əhalisinin şücaətini yüksək qiymətləndirərək vurğulayıb: “Qərbin tam dəstəyi ilə həyata keçirilən sionist rejimin cinayətləri və vəhşilikləri qarşısında Qəzzə əhalisinin tarixi səbri İslamı həqiqətən şərəfləndirən və düşmənin istəyinə baxmayaraq Fələstin məsələsini dünyanın ilk məsələsinə çevirən əzəmətli bir hadisədir”.

İnqilab Rəhbəri əlavə edib ki, İran İslam Respublikası Fələstin davası və Qəzzənin məzlum və müqavimətçi əhalisini dəstəkləməkdən çəkinməyəcək.

Həzrət Ayətullahül-üzma Xamenei sonra Qəzzəyə dəstək məsələsində beynəlxalq ictimai rəyini, eləcə də İslam və ərəb dünyasının ictimai rəyini vacib qiymətləndirib.

O həzrət həmçinin sionist rejim tərəfindən şəhid edilmiş HƏMAS-ın komandirlərindən olan şəhid Əl-Arurinin xatirəsini ehtiramla yad edərək qeyd edib ki, bu nəcib şəhid görkəmli şəxsiyyət idi ki, mübarək şəhadət aqibəti onun mücahidətlərinə Allahın mükafatı idi.

Bu görüşdə HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Həniyə İran İslam Respublikası xalqı və hökumətinin Fələstin məsələsi və xüsusilə Qəzzə əhalisinə verdiyi dəstəyə görə təşəkkür edərək deyib: “Qəzzə sakinləri və Müqavimət qüvvələrinin möhkəm imanlarından qaynaqlanan örnək səbr və mətanəti sayəsində sionist düşmənin müharibədə heç bir strateji hədəfinə nail ola bilməməsinə səbəb oldu”.

Həniyə “Əl-Əqsa tufanı” əməliyyatı sionist rejimin məğlubedilməzliyi mifini məhv etdiyini, altı aydan sonra sionist düşmənin ağır itkilər verdiyini və bu rejimin minlərlə əsgərinin öldüyünü və yaralandığını vurğulayaraq əlavə edib ki, Qəzzə müharibəsi bir dünya müharibəsidir və Amerikanın hakimiyyəti sionist rejimin müharibəsinə rəhbərlik etdiyi üçün sionist cinayətlərinin əsas ortağıdır.

O, sonda İnqilab Rəhbərinə müraciət edərək vurğulayıb: “Zati-aliləri, sizi əmin edirəm ki, Qəzzədə baş verən bütün vəhşiliklərə, cinayətlərə və soyqırımına baxmayaraq, əhali və Müqavimət qüvvələri möhkəm dayanıb və sionist düşmənə öz məqsədlərinə çatmağa zərrə qədər də imkan verməyəcəklər”.