Apr 18, 2024 12:21 Asia/Baku
  • İran dövlətinin təmsilçisi açıqlama verdi

Qəribabadi: İran öz mənafe və təhlükəsizliyinə qarşı təcavüzə dözməyəcək

İran İslam Respublikası Məhkəmə Sisteminin beynəlxalq məsələlər üzrə müavini və İnsan Haqları Qərargahının katibi bəyan edib ki, İran öz mənafe və təhlükəsizliyinə qarşı təcavüzə dözməyəcək.

 Kazim Qəribabadi sionist rejimin vəhşicəsinə hücumu nəticəsində dağılmış İran İslam Respublikası səfirliyinin konsulluq binasını ziyarət edərkən deyib: “İran İslam Respublikası öz mənafe və təhlükəsizliyinə qarşı təcavüzə dözmür və istənilən təcavüzə, hətta üçüncü ölkənin ərazisində baş versə belə, birbaşa və ciddi şəkildə cavab verəcək. Bu, düşmənin bilməli olduğu yeni bir balansdır”.

K.Qəribabadi sionist rejimin İranın Dəməşqdəki konsulluq binasına hücumunu beynəlxalq öhdəliklər və qanunlara, eləcə də BMT-nin Nizamnaməsinin müddəalarına tamamilə zidd hesab edərək qeyd edib: “Bu rejim hətta diplomatik yerlərin və diplomatların mühafizəsi və toxunulmazlığı haqqında 1961-ci il Konvensiyası və Beynəlxalq müdafiə olunan şəxslər haqqında 1973-cü il Konvensiyasından irəli gələn öhdəliklərə belə əməl etmir”.

O, BMT Təhlükəsizlik Şurasının sionist rejimin cinayətlərinə qarşı zəif yanaşmasını tənqid edərək vurğulayıb: “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarına əsasən, bu şura beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında aydın məsuliyyət daşıyır və qəsbkar sionist rejimi cəzalandırmaq üçün lazımi tədbirləri görməli idi, lakin biz Təhlükəsizlik Şurasının iclasında İngiltərə, Fransa və Amerika kimi bəzi iddiaçı ölkələrin sionist rejimin təcavüzünü hətta qınamadıqlarını gördük”.

 

Teqlər