Apr 20, 2024 18:50 Asia/Baku
  • İran XİN başçısı ABŞ mənbəsinə:

İranın xarici işlər naziri Nyu-Yorkda cümə günü Amerikanın NBC News kanalına müsahibə verib. Əmir Abdullahian cümə günü İsfahanda baş verənlərin arxasında İsrailin olduğunu təsdiqləməyib və səmada müşahidə olunan mikro dronları daha çox uşaq oyuncaqlarına bənzədib.

Əmir Abdullahian NBC News-un əməkdaşının suallarını cavablandırarkən, deyib: "İranın reaksiyasına səbəb olacaq heç bir hücum baş verməyib. İsfahanın səmasında müşahidə olunan mikro dronlar daha çox uşaqlarımızın oynadığı oyuncaqlara bənzəyirdi. Hansı ki, casusluq etmək və ya video çəkilişi üçün İsfahanın daxilindən səmaya qalxmışdılar və İranın hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edildilər". 

Əmir Abdullahian hadisə ilə İsrail rejimi arasında əlaqənin olmasının sübuta yetirilmədiyini bildirib və deyib: "İran məsələni araşdırır və medianın fərziyyələri doğru deyil. Nə qədər ki, İsrail rejimi tərəfindən bizim maraqlarımıza zidd yeni avantürizm yoxdur, o zaman bizim də heç bir yeni reaksiyamız olmayacaq. Əgər İsrail mənim ölkəmə qarşı əhəmiyyətli addım atarsa və bu, bizə sübuta yetirilərsə, o zaman cavabımız dərhal və maksimum olacaq və onların peşman olmasına səbəb olacaq".

Əmir Abdullahian İranın cəza əməliyyatının məhdud olduğunu və xəbərdarlıq xarakteri daşıdığını bəyan edərək, əlavə edib: "Biz Hayfa və Təl-Əvivi vura bilərdik. Biz İsrailin bütün iqtisadi limanlarını da hədəfə ala bilərdik. Ancaq bizim qırmızı xətlərimiz mülki şəxslər idi. Bizim yalnız hərbi hədəflərimiz var idi".

2024-cü il ABŞ prezident seçkilərinin İranın siyasətinə təsiri ilə bağlı suala cavabda Əmir Abdullahian qeyd edib ki, demokratlar və respublikaçılar arasında heç bir fərq yoxdur.

O qeyd edib ki, İran ABŞ-ın davranışına uyğun qərar qəbul edəcək, əgər onun davranışı müdaxilə etməmək, iranlılara hörmət, İslam Respublikasının suverenliyi və ərazi bütövlüyü əsasında olarsa, o zaman Amerika xalqının seçdiyi hər şeyə hörmətlə yanaşılacaq.