May 08, 2024 19:26 Asia/Baku
  • Əmir Abdullahian: İranın qonşuluq siyasətində Türkiyənin xüsusi yeri var

İran İslam Respublikasının xarici işlər naziri İran və Türkiyə arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün parlament diplomatiyasının gücləndirilməsinə və iki ölkə parlamentariləri arasında davamlı qarşılıqlı fəaliyyətə təkid edib.

Hüseyn Əmir Abdullahian çərşənbə axşamı Türkiyə-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Kayhan Türkmənoğlu və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.

Əmir Abdullahian bu görüşdə İran prezidentinin Türkiyəyə son səfərinə və İki ölkə arasında Ali Əməkdaşlıq Şurasının səkkizinci iclası zamanı əldə olunmuş razılaşmalara toxunaraq, müxtəlif sahələrdə əlaqələrin gedişatını müsbət qiymətləndirib və deyib ki, İki ölkə prezidentlərinin iradəsi əlaqələri, xüsusən də iqtisadi müstəvidə, iki xalqın ümumi maraqlarına uyğun olaraq, genişləndirməkdir".

O, əlavə edib: "Türkiyənin İranın qonşuluq siyasətində xüsusi yeri var, İran və Türkiyə iki güclü ölkə olaraq, Qərbi Asiya regionunda davamlı sabitliyin yaradılmasına töhfə verə bilərlər". 

İranın xarici işlər naziri həmçinin Qəzzə böhranında İran və Türkiyə arasında sıx əməkdaşlığa işarə edərək, Türkiyə prezidentinin sionist rejimlə ticarət əlaqələrini dayandırmaq qərarını təsirli və dəyərli tədbir adlandırıb və deyib: "Türkiyə millətinin İslam sivilizasiyasının, mədəniyyətinin, əxlaqın və bəşəri dəyərlərin yayılmasında layiqli yeri və töhfəsi olub və bu gün də məzlum Fələstin xalqına dəstək verməkdə təsirli rol oynayır".

Kayhan Türkmənoğlu da öz növbəsində İranın məzlum Fələstin xalqına verdiyi dəstəyi yüksək qiymətləndirib və ikitərəfli iqtisadi-ticarət əlaqələrində artan tendensiyaya və iki ölkə prezidentləri arasında Ankarada keçirilən son görüşdə əldə olunan razılaşmalara diqqət çəkib və Türkiyə Parlamentinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, birgə razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsi üçün dəstəyini vurğulayıb.

Türkmənoğlu həmçinin İranın Dəməşqdəki səfirliyini hədəf alan terror aktını qətiyyətlə pisləyib və regionda gərginliyin azaldılması üçün Qəzzədə "soyqırım"ın dayandırılmasının vacibliyini vurğulayıb.

Teqlər