İran ABŞ və Fransa prezidentlərinin “yol xəritəsi” bəyanatını pisləyib
Kənani: Onların İrana əxlaq dərsi keçməyə ixtiyarları yoxdur
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi ABŞ və Fransa prezidentlərinin Tehrana qarşı əsassız və qəbuledilməz ittihamlar əsasında birgə bəyanatını pisləyib.
Nasir Kənani bu bəyanatın siyasi motivlərə malik olduğunu və əvvəlki uğursuz siyasətlərin davamı sayıldığını vurğulayıb.
İranın XİN sözçüsü əlavə edib: “Dəfələrlə dediyimiz kimi, İran İslam Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə beynəlxalq hüquq və öhdəliklər çərçivəsində və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsaslanan texniki əməkdaşlığa sadiqdir”.
O qeyd edib ki, İran İslam Respublikasının regionda və dünyada təhlükəsizliyin gücləndirilməsi üçün terrorçu qruplara qarşı mübarizədə məlum rolu danılmazdır
XİN-nin sözçüsü deyib: “Səkkiz ayda 15 min uşaq və minlərlə fələstinli qadını qətlə yetirən uşaq qatili İsrail rejiminin tərəfdarlarının, İsrail rejiminin hərbi cinayətlərinə etiraz edən tələbələrə və vətəndaşlara zülm edənlərin başqalarına əxlaq və insan hüquqlarını öyrətməyə çalışması gülüncdür”.