İran prezident seçkisinin ikinci turuna hazırlaşır
Namizədlərin son debatı keçirildi
İranda 14-cü prezident seçkilərinin ikinci turuna vəsiqə qazanan iki namizəd - Məsud Pezeşkiyan və Səid Cəlili arasında ötən axşam iyunun 29-da son debat təşkil olunub.
Bu məlumata əsasən, hər iki namizəd dəfələrlə bir-birinin sözünü kəsərək, qarşı tərəfin prezidentliyə uyğunluğunu şübhə altına alıblar.
Məsud Səid Cəlilinin çevrəsindəki siyasi fiqurları “kölgə hökuməti” adlandırıb. O, Səid Cəlili və tərəfdarlarını sanksiyaları ləğv etmək istəməyənlər kimi xarakterizə edib.
Səid Cəlili isə Pezeşkiyanı eks-prezidentlər Həsən Ruhani, Seyid Məhəmməd Xatəmi və Əkbər Haşimi Rəfsəncani hökumətinin uzantısı kimi təqdim edib.
Digər debatlarda olduğu kimi, müzakirələrin mərkəzində sanksiyalar, Nüvə Sazişi və FATF məsələsi dayanırdı.
Bununla əlaqədar islahatçılar düşərgəsinin namizədi kimi tanınan Məsud Pezeşkiyan qeyd edib ki, o, xəyalpərəst və praktiki olmayan vədlər vermir, lakin o, iqtisadiyyatda ən mütəxəssis insanları işə götürməyi və İran iqtisadiyyatında sabitliyin bərqərar olmasını və İranın beynəlxalq maliyyə əlaqələrinin bərpasına şərait yaratmağı öhdəsinə götürür.
O, həmçinin ədalətsizliyə və ayrı-seçkiliyə qarşı mübarizə aparacağına söz verib.
Benzinin qiymətinə gəlincə, Pezeşkiyan bildirib ki, ədalət naminə enerji subsidiyaları təkcə daha çox avtomobili olan zənginlərə deyil, hamıya verilməlidir və o, subsidiyaların verilməsində daha çox imkansız insanlara üstünlük verilməli olduğunu deyib.
O, həmçinin fond bazarında sabitliyi bərpa edəcəyinə və hökumətin büdcə kəsirini birjadan maliyyələşdirməyəcəyinə söz verib.
Məsud Pezeşkiyan sonra Səid Cəlilinin inflyasiya haqqında fikirlərini şübhə altına alıb və çıxışının sonunda indiki vəziyyəti təhlükəli hesab edib.
Səid Cəlili isə çıxışına Məsud Pezeşkiyanın xarici siyasətə yanaşmasını tənqid etməklə başlayıb.
O, mərhum şəhid prezident Seyid İbrahim Raesinin xarici səfərlərinə toxunaraq, deyib ki, Cənab Ruhani səkkiz ildə bircə dəfə olsun belə Afrikaya getmədi.
Debatın aparıcısı Cəlilidən sanksiyaların ləğvi üçün nə edəcəyini soruşub və o, cavab olaraq bildirib ki, İran fəal şəkildə öz hüquqlarını tələb etməlidir.
Səid Cəlili daha sonra Məsudun tərəfdarlarının üsulçuları “Taliban”la müqayisə etmələrini tənqid edib.
Səid Cəlili söhbətinin davamında avtomobil mütəxəssisləri ilə çoxlu görüşlər keçirdiyini vurğulayaraq, avtomobil istehsalının tirajının artırılmasının vacibliyini bildirib.
Səid Cəlili xalqdan Ruhani hökumətinin davamı və ya Rəisi hökuməti arasında seçim etmələrini istəyib.