Sen 01, 2024 19:12 Asia/Baku
  • Pezeşkian özünü xalqın nökəri adlandırdı

İran İslam Respublikası prezidenti Məsud Pezeşkian dünən gecə televiziyadan yayımlanan ilk canlı müsahibəsində, verdiyi vədlərə sadiq qalacağını, xalq uğrunda əlindən gələni edəcəyini vurğulayıb.

  SəhərAzəri-nin məlumatına əsasən, özünü xalqın nökəri adlandıran Pezeşkian başçılıq etdiyi 14-cü hökumətin qadın və kişilər, etniklər və regionlar arasında bərabərlik yaradacağını bildirib: “ Çalışacağıq ki, Sistan və Bəluçestandan tutmuş Kürdüstan və Xuzistana qədər xidmətin keyfiyyəti Tehranın şimalındakından fərqlənməsin ”,- Prezident Pezaşkian deyib.

  O hər ay xalqla söhbət etməyə və xalqın səsini dinləməyə hazır olduğunu vurğulayıb və ilk növbədə pensionerlər, müəllimlər və şəfqət bacılarının problemlərinin həllinə təşəbbüs göstəriləcəyini bildirib.  

  Məsud Pezeşkian İmam Əlinin(ə) hökumətin fəaliyyətinin keyfiyyətini xalqın qiymətləndirməsi ilə şərtləndirdiyinə diqqət çəkib: “ Məhz buna görə də bizim meyarımız xalqın razılığıdır biz kadrlarımızın fəaliyyətinin qiymətləndirilməsi üçün bu meyarı əsas götürəcəyik”,- Prezident deyib.

  İran İslam Respublikası prezidenti hal-hazırda 40-dan çox ölkə ilə sazişlərin imzalanması üçün müzakirələrin getdiyini xatırladıb və bütün qonşularla və digər ölkələrlə əlaqələrin inkişafı qarşısında duran problemlərin aradan qaldırılmasını zəruri adlandırıb.

  Məsud Pezeşkian ölkənin 200-250 milyard dollar investisiyaya ehtiyaclı olduğunu xatırladıb və bunun yarısının daxili imkanlar hesabına mümkün olduğuna diqqət çəkib. O məhz buna görə xarici investisiyanın cəlb edilməsinə şərait yaradılacağını deyib: “ Biz ilk növbədə investorlarda əminlik yaratmalıyıq, maneəçi qanuları aradan qaldırmalıyıq bu istiqamətdə parlament, məhkəmə hakimiyyəti və islam inqilabının aliməqam rəhbəri ilə vəhdətdəyik. İnvestorlar bizi arxalarında gördükdə özləri pullarını ölkəyə gətirəcəklər”,-Prezident Pezeşkian deyib.

  İran prezidenti səhiyyə və müalicə xidmətlərinin keyfiyyətində ölkənin ən ucqar yerləri ilə paytaxtın ən yaxşı nöqtəsi arasında heç bir fərqin olmayacağına təkid edib. O həmçinin pulsuz keyfiyyətli təhsillə hər bir vətəndaşın təmin olunmasını hökumətinin prioritetləri sırasında durduğunu deyib.  

  İranın bütün iranlılara aid olduğunu vurğulayan Məsud Pezeşkian deyib: İran sadəcə bir qrupa yaxud bir siyasi cinaha aid deyil. Biz xaricdə yaşayan iranlılara öz ölkələrinə qayıtmaları üçün şərait yaratmalıyıq.

   Pezeşkian siyasi dar baxışdan uzaq olmağa çağıraraq deyib: “Vaxtı ilə millət vəkili olmaq üçün namizədliyim qəbul edilməmişdi indi isə prezidentəm Aliməqamlı rəhbər və onun açıq baxışı olmasaydı, yenə də təsdiq olmaya bilərdim. Biz dəf etməməli, cəzb etməliyik”.

  Pezeşkian vilayətlərə səfərlərin təşkil olunacağından da xəbər verib: “ Biz xalqın nökəri və qulluqçusuyuq, mənim üçün burada tam mühafizədə olmaq çətindir, mən xalqın içində olmağı sevirəm. Belə bir yerdə, xeyli mühafizəçilərin əhatəsində olmaqdansa  küçələrdə insanlar arasında olmaqdan həzz alıram.

  Prezident Məsud Pezeşkian televiziyadan canlı müsahibəsinin sonunda xalqa ona etdiyi etimada görə öz təşəkkürünü bildirib: “ Söz veririk gücümüz çatdığı qədər verdiyimiz sözləri unutmayacaq və sonuna qədər sizinlə birlikdə olacağıq”,-Məsud Pezeşkian xalqa xitabən deyib.

 

Teqlər