İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Rusiyaya gedib
Ali Milli Təhlükəsizlik Şurasının katibi BRİKS toplantısında iştirak etmək üçün Rusiyaya səfər edib.
SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabı Rəhbərinin nümayəndəsi, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin iclasında iştirak etmək üçün Tehrandan Rusiyaya gedib.
Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla BRİKS ölkələrinin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin iclasının sentyabrın 10-dan 12-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməsi planlaşdırılır.
Bu iclasda, BRİKS-ə üzv dövlətlərin nümayəndələri ilə bəzi cənub ölkələrinin, o cümlədən, İndoneziya, Türkiyə, Qazaxıstan, Serbiya, Tailand, Belarus, Vyetnam, Venesuela, Özbəkistan, Nikaraqua, Kuba, Azərbaycan Respublikası, Bəhreyn, Banqladeş, Şri Lanka, Mavritaniya və Laosun yüksək səviyyəli təhlükəsizlik nümayəndələri arasında birgə görüş də keçiriləcək.
Rusiyaya səfər etmiş İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bu iki görüşün kənarında bəzi həmkarları ilə də görüşəcək.
O, Rusiyanın yüksək rütbəli rəsmiləri ilə görüşdə regionda baş verən ən mühüm hadisələri, beynəlxalq hadisələri və siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə ikitərəfli əlaqələri müzakirə edəcək. Həmçinin İran İslam Respublikasının enerji dəhlizləri ilə bağlı baxışları və mülahizələrini bəyan edəcək.