Allah məxsusi bəndələrinə qeybi təlim edir
Qeyb elminin 2 növü. Allah məxsusi bəndələrinə qeybi təlim edir
Quran ayələrini diqqətlə mütaliə edən zaman belə nəticəyə gəlmək olur ki, qeyb elmi ilə bağlı iki cür ayələr mövcuddur.
Birinci dəstə ayələr qeyb elmini Allaha aid hesab edir. “Qeyb xəzinələrinin («ol!» kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir”. (“Ənam” 59).
“(Ya Peyğəmbər!) de: «Allahdan başqa göylərdə və yerdə olan heç bir kəs qeybi (şüur sahiblərinin hissiyyatından xaricdə olan aləmləri və elmləri) bilmir və onlar bilmirlər ki, nə vaxt dirildiləcəklər»”. (“Nəml” 65).
İkinci dəstə ayələr bəyan edirlər ki, İlahi övliyalar da qeyb elmindən agahdırlar. “Allah (Özünün ənənəvi qanunlarına əsasən) sizi qeyb sirlərindən (və bir-birinizin batininizdən) xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən (onların arasından) istədiyini seçir(və ona peyğəmbərlik vəzifəsinin ehtiyacı qədər qeyb elmi öyrədir). Odur ki, (qəti və şərti qanunlarının icrasında) Allaha və Onun peyğəmbərlərinə iman gətirin”. (“Ali-İmran” 179).
Bir çox hədislərimizdə onun şahidi oluruq ki, Məsumlarımızın (ə) qeyb elmindən xəbərləri olmuşdur. “Nəhcul-bəlağə”nin bir çox yerlərində bunu aydın şəkildə görmək olar. İmam Əli (ə) buyurur: “Sanki görürəm ki, Allahın əzabı yerdən və göydən sizə nazil olur və hamınız qərq olursunuz”. (Tebyan)
İmam Əli (ə), Həcər ibni Qeysə buyurmuşdu: “Səni məndən sonra lənətləməyə məcbur edəcəklər”.
İmam (ə), Mərvan haqqında buyurur ki, o, qocalandan sonra zəlalət bayrağını çiyninə alacaqdır.
Kumeyl Həccaca xəbər verir ki, İmam Əli (ə) mənə buyurmuşdu ki, sən mənim qatilimsən.
Beləliklə deyə bilərik ki, bəzi qeyb elmləri vardır ki, Allahın zatına aid olduğu üçün ancaq Onun tərəfindən bilinir. Heç kəsin bu elmdən xəbəri yoxdur. Allah bu elmdən heç kəsi agah etmir.
Bir nəfər İmam Əliyə (ə) deyir ki, siz qeyb elmini bilirsiniz? Həzrət (ə) cavabında buyurur: “Bu elm – qeyb deyildir, bu, o elmdir ki, sahibindən öyrənmişəm. Qeyb elmi Qiyamətdir və o şey ki, Allah buyurduqlarında saymışdır”.
Bəli, Qiyamət, bərzəx, behişt – o elmlərdəndir ki, ancaq Allahın ondan xəbəri vardır.
Ancaq bəzi qeyb elmləri vardır ki, Allah onları rəsullarına və övliyalarına öyrədir. İmam Sadiq (ə) buyurur: “O zaman ki, İmam bir şeyi öyrənməyi iradə edir – Allah ona təlim verir”.
Belə nəticəyə gəlmək olur ki, bütün elmlərin mənbəyi Allahdadır və qeyb elminin elə sirləri vardır ki, ancaq Allaha aiddir və Allah onu heç kəsə öyrətmir. Bəzi qeyb elmləri vardır ki, Allah onu peyğəmbərlərinə və övliyalara öyrədir. Onlar qeyb elmindən bir şeyi öyrənmək istəyəndə, Allah həmin şeyi onlara təlim verir. Lakin bütün bu elmlərin həqiqi mənbəyi Allahdır və O, iradə etməsə, heç kəs bu elmdən xəbərdar ola bilməz.
/Deyerler.org/