Kərbəlanın ilk xütbəsi: Haqqa əməl etmək və batilin qarşısını almaq
İmam Hüseyn (ə) Kərbəla torpağına daxil olduqdan sonra belə buyurdu: “Görmürsünüz ki, daha haqqa əməl olunmur və batildən çəkindirilmir?!…
Əbu Abdullahın (ə) qiyamının nəticəsi:
Bəlidir ki, əgər iman iddiaçıları İmam Hüseynə (ə) qarşı ayrı cür rəftar etsəydilər, birinci nəticə (qələbə və hakimiyyət) hasil olardı. Bu həmin dövrdə xalqın dünya və axirətini düzəldə bilərdi və Peyğəmbər (s) dövründə olduğu kimi, imaməti fəsadlı və fəsad törədən şahlığın yerinə qoyardı.
Əbu Abdullahın (ə) qiyamı zahirdə düşmən qoşunları ilə döyüşməklə, onun və dostlarının şəhid, ailəsinin və digər yoldaşlarının əsir olması ilə nəticələndi. Lakin demək olarmı bu aqibət Şəhidlər ağasının məğlubiyyəti və düşmənin qələbəsi idi?!
Məsələnin zahiri belədir ki, dövrün ən dəyərli insanları Aşura hadisəsində məhv edildilər. Hüseyn ibn Əli (ə) ailəsinin bütün görkəmli şəxsiyyətləri və gəncləri ilə – qeyrətli səhabələri, qardaşları, övladları, yaxınları və gəncləri ilə birgə çox qərib şəkildə şəhidliyə qovuşdu və çox qərib şəkildə də dəfn olundu; nə kimsə onların cənazəsini müşayiət elədi və nə kimsə onlar üçün əza saxladı. Kərbəlanın sağ qalmış yeganə kişisi olan İmam Səccad (ə) da o zamandan 34 il sonraya qədər Mədinədə zahiri təcrid halında yaşadı; nə qoşun, nə toplum, nə hay-küy vardı.
Maddi məntiqlə hökumət edən maddi güclərin yanlış təsəvvürü adətən belədir ki, bunlar bitdilər və məhv oldular. Lakin görürsünüz ki, həqiqət belə deyil. Bunlar bitmədilər. Bunlar qaldılar; əzəmətləri, gözəllikləri və təsirləri günbəgün artdı, qəlbləri fəth etdilər. Bu gün şiə və qeyri-şiə olan yüz milyonlarla müsəlman bunların adına təbərrük edir, sözlərindən bəhrələnir və xatirələrini uca tuturlar. Bunlar tarixdə qələbədir; həqiqi və həmişəyaşar qələbə.
İslamın keşiyini çəkmək
Əbu Abdullahın (ə) hərəkəti və qiyamı bütün bu düşmənçiliklərə rəğmən, möhkəm bir təməl kimi İslamın dünyada 1300 ildən artıq canlı və uca qalmasına bais oldu. Əslində Hüseyn (ə) Aşurası İslamın yaşamasının ən mühüm amillərindən biridir.
Elə bilirsiniz ki, o şəhidlik, o pak qan və elə böyük hadisə olmasaydı, İslam qalardı? Şübhəniz olmasın ki, qalmazdı; şübhəniz olmasın ki, hadisələr tufanında məhv olardı. Ola bilsin tarixi bir din kimi bir qrup zəif tərəfdarla dünyanın harasındasa qalardı, amma canlı İslam qalmayacaqdı. İslamın təkcə adının və xatirəsinin qalması mümkün idi. Amma bu gün görürsünüz ki, İslam 1400 ildən sonra dünyada canlıdır, qurucudur. Bu gün İslam dünyada həyatvericidir. Bu gün İslam dünyada xalqları ən aydın və ən işıqlı ümid kimi özünə cəlb edir. Bunların hamısı Kərbəla hadisəsinin və Hüseyn ibn Əlinin (ə) fədakarlığının nəticəsidir.