Məhərrəm – bir aydır ki…
İmam Rzadan (ə) Məhərrəm ayı ilə bağlı belə bir hədis nəql edirlər: “Məhərrəm – bir aydır ki, cahiliyyət əhli bu ayda müharibə etməyi haram hesab edərdi. Amma bizim qanımızı o ayda halal saydılar.
İmam Rzadan (ə) Məhərrəm ayı ilə bağlı belə bir hədis nəql edirlər:
“Məhərrəm – bir aydır ki, cahiliyyət əhli bu ayda müharibə etməyi haram
hesab edərdi. Amma bizim qanımızı o ayda halal saydılar. Bizim
hörmətimizi o ayda qorumadılar. Övlad-əyalımızı əsir götürdülər.
Xeymələrimizi oda çəkdilər, orada hər nəyimiz var idi, qarət etdilər və
Rəsulun (s) hörmətini bizim barəmizdə riayət etmədilər”.
Hədisin təhlilində ilk öncə fabulasını, məzmununu təşkil edən
«cahiliyyət dövrü» məfhumuna toxunaq. Bu anlayış Ərəbistan yarımadasında
İslamdan öncəki perioda, Həzrət Rəsulullahın (s) İlahi risaləti təbliğ
etməyə başlamasından öncəki perioda şamil edilir. Cahiliyyət dövrü
dedikdə, müasir mənada işlənən «bisavadlıq» nəzərdə tutulmur. Ərəblərin
İslamdan öncə də şifahi ədəbiyyatı çox inkaşaf etmişdi. Burada
«cahiliyyət» – İlahi təlimdən məlumatsızlıq mənasında işlənir. Həzrət
İmam Rzanın (ə) bu dövrə işarəsi təsadüfi deyil, bu məsələnin sonradan
açılışı veriləcəkdir.
Hədisdə istinad edilən digər müstəvi – İslam Peyğəmbərinin (s)
Əhli-beytinə (ə) ehtiram barədə İlahi göstərişdir. Belə ki,
Qurani-Kərimin “Şura” surəsinin 23-cü ayəsində Allah-Təala buyurur: “(Ya
Peyğəmbər!) De: ”Mən Sizdən bunun (risaləti təbliğ etməyimin)
müqabilində yaxınlarıma (Əhli-beytimə) sevgidən başqa bir şey
istəmirəm”. Müqəddəs Kitabda Həzrət Peyğəmbərin (s) Əhli-beytinə
məhəbbət və ehtiram barədə açıq-aydın göstərişə rəğmən, Yezid lənətliyin
qoşunu İmam Hüseyni (ə) və əziz məsləkdaşlarını qanlarına qəltan
etdilər. Beləliklə, mübarək hədisdə məsələ 2 müstəvidə qoyulur: əgər siz
müsəlmansızsa, onda digər müsəlmanın qanı və malı toxunulmazdır,
ehtiram ünvanıdır. Peyğəmbərimizin Əhli-beytinə (ə) bilavasitə aid olan
İmam Hüseynə (ə) aid isə nəinki toxunulmazlıq, hətta məhəbbət göstərmək
göstərişi də vardır. Yəni, əgər müsəlmansınızsa, sizin borcunuz idi
İmama (ə) qeyd-şərtsiz ehtiram etmək, nəinki onu mühasirəyə alıb,
olmazın məşəqqətlərə məruz qoyub, əzizləri ilə birgə şəhadətə yetirmək.
Beləliklə, Yezid lənətliyin ordusuna toplaşmış canilər müsəlman olmaq
iddiasında olan adamlar idi, amma Rəsullulahın (s), Mütəal Allahın
göstərişlərinə qarşı üsyan etdilər, İmamı (ə) qətlə yetirdilər. Bu azmış
kimi, Peyğəmbərimizin (s) Əhli beytinə aid mübarək şəxsləri əsir
götürdülər, əmlakını qarət etdilər.
Hacı İlqar İbrahimoğlu
/Dəyərlər/