İmam Hüseyn (ə) qiyamının fəlsəfəsi
İmam Hüseyn (ə) özünün birinci məqsədini belə izah edir: İslam ölkəsindən fəsadın kökünü qazmaq və islah yaratmaq.
İslamın vasitəsi ilə ideal bir hökumət yarandı. Əgər İmam Hüseynin (ə) hadisəsini bir neçə sətirdə xülasə etmək istəsək, belə olur: Bəşəriyyət zülmə, cəhalətə və ayrıseçkiliyə məruz qalmışdı. Dünyanın ozamankı İran və Roma imperiyalarında mövcud olan Qeysər və Kəsra hökumətlərindən ibarət olan böyük hökumətləri aristokratiya, qeyri-xalq hökuməti, məntiqsiz xəncər, cəhalət və fəsad hökuməti idi. Ərəbistan yarımadası kimi kiçik hökumətlər isə onlardan da pis vəziyyətdə idi. Cahiliyyət bütün dünyanı bürümüşdü. Bu arada Allah Peyğəmbərinin (ə) vasitəsi ilə, Allahın yardımı, xalqın əzəmətli və yorulmaz mübarizəsi ilə İslam nuru əvvəlcə Ərəbistan yarımadasını işıqlandıra bildi, sonra da tədricən genişləndi, şüası hər yeri bürüdü. Peyğəmbər (s) dünyadan köçdükdə bu hökumət tarix boyu bütün bəşəriyyətə nümunə ola biləcək şəkildə güclü bir hökumət idi. Əgər o hökumət həmin istiqamətdə hərəkətini davam etdirsəydi, şübhəsiz, tarix dəyişərdi, ondan əsrlər sonra, indi və İmam Mehdinin (ə) zühuru dövründə yaranması gözlənilən vəziyyət həmin dövrdə yaranardı. Ədalət, paklıq, doğruluq və məhəbbət dolu dünya İmam Mehdi (ə) dövrünün dünyasıdır. Allah bilir ki, bəşər orada hansı əzəmətlərə nail olacaq. Buna əsasən, əgər Peyğəmbər (s) hökuməti davam etsəydi və bəşəriyyətin tarixi dəyişsəydi, bəşərin aqibəti uzun müddət irəliyə düşərdi. Lakin bəzi səbəblər üzündən bu baş vermədi.
Peyğəmbər (s) hökumətinin xüsusiyyəti belə idi: zülmə əsaslanmaq yerinə ədalətə əsaslanırdı, şirkin və insanın fikir təfriqəsinin yerinə tövhidə və Pərvərdigarın müqəddəs zatının bəndəliyinə söykənirdi, cəhalət əvəzinə elm və bilgiyə arxalanırdı, insanların bir-birinə ədavəti yerinə məhəbbət, münasibət, dostluq və səmimiyyətə söykənirdi; yəni zahirdən və batindən bəzənmiş bir hökumət idi. Belə bir hökumətdə yetişən insan təqvalı, iffətli, alim, agah, fəal, həvəskar, aktiv və kamala doğru irəliləyən insan olur. Əlli il ötməklə məsələlər dəyişdi. Adda İslam adı qaldı, lakin batini daha İslam batini deyildi. Ədalətin hakimiyyətinin yerinə yenə zülmün hakimiyyəti gəldi, bərabərliyin və qardaşlığın yerinə ayrıseçkilik, ikitirəlik və təbəqələr arasında böyük fərq vücuda gəldi, elmin yerinə cəhalət hakim oldu. Bu əlliillik dövrdə nə qədər yaxına gəliriksə, bu tənəzzülə dair yüzlərlə fakt və nümunə görürük. Tədqiqatla məşğul olanlar bunları gənc və araşdırıcı beyinlər üçün aydınlaşdırsınlar.
İmam Hüseynin (ə) birinci məqsədi
İmam Hüseyn (ə) özünün birinci məqsədini belə izah edir: İslam ölkəsindən fəsadın kökünü qazmaq və islah yaratmaq. İslah nədir? Yəni fəsadı məhv etmək. Fəsad nədir? Fəsadın müxtəlif qisimləri var: oğurluq fəsaddır, xəyanət fəsaddır, asılılıq fəsaddır, hegemonluq fəsaddır, əxlaqi sapqınlıqlar fəsaddır, maddi sapqınlıqlar fəsaddır, doğmalar arasında düşmənçiliklər fəsaddır, din düşmənlərinə yönəlmək fəsaddır, dinə qarşı olanlara maraq göstərmək fəsaddır. Hər şey dinin sayəsində vücuda gəlir. Sonrakı cümlələrdə buyurur ki, sənin məzlum bəndələrin amanda qalsınlar. Məqsəd cəmiyyətin məzlumlarıdır, nə zalımlar, nə zülmkarlar, nə zülmü mədh edənlər, nə də zülmün vasitələri və işçiləri. Məzlumlar – əl-ayağı olmayanlar, bir iş görə bilməyənlərdir. Məqsəd budur ki, cəmiyyətin məzlum insanları, hər hansı bir səviyyədə və hər hansı bir yerdə olan zəif insanlar təhlükəsiz olsunlar: namus təhlükəsizliyi, maddi təhlükəsizlik, hüquqi təhlükəsizlik; bu gün dünyada mövcud olmayan bu təhlükəsizliklər. İmam Hüseyn (ə) o zaman tağutların hökmranlığı dövründə olanın tam qarşı tərəfini istəyirdi. Bu gün dünyaya baxsanız, görərsiniz ki, elədir; din bayraqlarını əksinə çevirirlər, Allahın məzlum bəndələrini daha da məzlum edirlər, zalımların əli məzlumların qanına daha artıq batır.
İslahat İmam Hüseynin (ə) şüarı kimi
İslahat barədə İmam Hüseyndən (ə) iki cümlə nəql olunmuşdur. O buyurur: “Babamın ümmətinin işlərini islah etməkdən ötrü qiyam edirəm”. O, islahat barədə düşünür və islahat yaratmaq istəyir. Başqa bir yerdə də buyurur ki, İslam ümmətinin və İslam ölkəsinin islahını istəyirəm. Bu, İmam Hüseynin (ə) şüarıdır.
Din bayraqlarını ucaltmaq
Həzrət Əbu Abdullah Hüseynin (ə) buyruqlarının hər biri incə məqama malikdir. Mən siz əzizlərə deyirəm ki, xalqa xalis və aydınlaşdırıcı sözlər demək məqsədi ilə o həzrətin sözlərindən maksimum istifadə olunmalıdır. Mən onların arasından bu cümləni öz məclisimizə münasib görürəm. O həzrətdən nəql olunana əsasən, buyurmuşdur ki, İlahi, Sən bilirsən ki, bizim etdiyimiz bu hərəkət, bu qiyam, verdiyimiz bu qərar hakimiyyət istəyindən ötrü deyil. Hakimiyyət istəyi bir insan üçün məqsəd ola bilməz. Bu iş dünya işlərindən ötrü də deyil; həyatın yağlı və şirinini ağzımıza çatdırıb qarnımızı matəmdən çıxarmaq, mal-mülk toplayıb sərvət yığmaq istəmirik. Bunlardan ötrü deyildi. Bəs nədən ötrü idi? O bizim istiqamətimizi təsvir edən bir neçə cümlə buyurmuşdur. İslam təbliğatının bütün dövrlərində bunlar məqsəddir: “Din bayraqlarını xalq üçün ucaldaq və meyarları onlara göstərək”.
Meyarlar mühüm məsələdir. Şeytan həmişə din adamları arasında təhrifdən istifadə edir, yolu yanlış göstərir. Əgər “dini kənara qoy” deyə bilsə, deyir, zərərli təbliğat və ehtiraslar yolu ilə xalqın imanını alır. Əgər o mümkün olmasa, dinin əlamətlərini dəyişdirir. Sanki siz bir yolla hərəkət edərkən tablonun bir istiqaməti göstərdiyini görürsünüz. Halbuki xain bir əl onu dəyişdirmiş və yolu yanlış göstərmişdir.
Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək
Fəsadın qaynağı olan bir hökumətlə mübarizədə buyurdu ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək və babamın yolu ilə getmək istəyirəm. Yaxud yoldakı başqa bir xütbədə buyurdu: “Ey insanlar! Həqiqətən Allahın Rəsulu belə buyurub: “Kim Allahın haramını halal edən, Allahın əhdini pozan… zalım bir hökmdarla üzləşsə, lakin işi və sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin”. Yəni zülm şahına qarşı, fəsad törədən qüvvəyə qarşı, insanları maddi və mənəvi cəhətdən məhvə sürükləyən hakimiyyətə qarşı dəyişiklik yaratmaq! Hüseyn ibn Əlinin (ə) hərəkətinin səbəbi budur. Düzdür, bunu yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirməyin nümunəsi də bilmişlər. Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək vəzifəsində bu məqamlara da diqqət yetirmək lazımdır. O daha əhəmiyyətli vəzifə üçün hərəkət edir və mühüm olsa belə, digər vəzifələri daha əhəmiyyətli olan bu vəzifəyə qurban verir, bu gün vacib işin nə olduğunu ayırd .
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-uzma Xamenei cənablarının Məhərrəm ayı haqqda söylədiyi bəyanatlarından.