Dek 26, 2015 16:14 Asia/Baku
  • Rəbiül-əvvəlin 12-17- Vəhdət həftəsi
    Rəbiül-əvvəlin 12-17- Vəhdət həftəsi

Vəhdət həftəsi və ya islami həmrəylik


Müsəlman dünyasında İslam Peyğəmbəri Məhəmməd ibn Abdullahın (s) mövludu günü qeyd edilir. İran İslam İnqilabının rəhbəri Ayətullah Xomeyninin elan etdiyi bu günün mahiyyəti ilə bağlı göründüyü qədər çoxları məlumatsızdır. Bunun da səbəbi var. Çünki Məhəmməd salavatullahın doğum günü ilə bağlı iki fərqli fikir mövcuddur. Bulardan biri Peyğəmbərin rəbiul-əvvəl ayının 12-də, digəri isə 17-də dünyaya gəldiyini deyir (Həzrəti Peyğəmbərimiz Məhəmməd salavatullah milad təqvimi ilə 571-ci il aprel ayının 20-də Məkkədəki Bəni Haşim məhəlləsində yerləşən atası Abdullahdan qalma evdə dünyaya göz açıb – V.T.). Ona görə də İslam alimlərinin fikrinə əsaslanan müsəlmanlar bu iki günün daxil olduğu həftəni vəhdət həftəsi kimi qeyd edirlər. Amma bütün bunlar müsəlman olaraq insanların öz peyğəmbərlərinin mövludu günü ilə bağlı məlumatsız olmasına əsas vermir. Xüsusilə də indiki ali dini təhsil alanların sayının artdığı bir vaxtda Peyğəmbərimizin doğum gününü bilməmək bir müsəlman kimi hər birimizə başıaşağılığı gətirir.

Vəhdət həftəsinin məhz indiki məqamda qeyd olunması və tam mahiyyəti ilə qəbul edilməsi çox zəruridir. Çünki neçə ildir islam torpaqlarında qan qurşağa çıxır, müsəlmanların və tapındıqları dinin terrorçu obrazı yaradılıb. Heç olmaya özünə müsəlman deyən terrorçu, intiharçı və sair bədnam ünsürlər peyğəmbərin xatirinə bu bir həftə ərzində «atəşkəs» elan etsin və dünyaya dinimizin heç də qana susamış olmadığını isbatlasınlar.

Peyğəmbərin mövludu ölkələrdə

Yeri gəlmişkən, bir sıra müsəlman ölkələrində Peyğəmbərin doğum günü ən yuxarı təbəqələrdə qeyd edilir və möhtəşəm tədbirlərlə müşayiət olunur. Məsələn, qardaş Türkiyədə və bu ölkənin dünyanın hər yerində tikdirdiyi məscidlərdə xüsusi mərasimlər keçirilir, xütbələr oxunur. Türkiyənin özündə qeyri-rəsmi şəkildə bayram şənlikləri təşkil olunur, geniş tədbirlər düzənlənir. Hətta həmin şənliklərə prezident, baş nazir və nazirlər, millət vəkilləri, dövlət və hökumət məmurları da qatılırlar.

İranda da Məhəmməd salavatullahın doğum günü təntənəli şəkildə qeyd olunur. Hicri-Qəməri təqvimə əsasən, hər il Rəbiyyül-əvvəl ayının 12-də Məhəmməd Peyğəmbərin doğum günü kimi qeyd edilir. Amma şiələr bu bayramı həmin ayın 17-də keçirirlər: “Ona görə də hər iki tarixi bir araya gətirmək məqsədilə həmin tarixi həftə İranda Vəhdət həftəsi (həfteyi-vəhdət) elan olunub. Burada məqsəd odur ki, heç olmasa, ildə bir dəfə bu müqəddəs günlərdə sünnilərlə şiələr vəhdətdə olsunlar, birlik nümayiş etdirsinlər.

Küveytdə Məhəmməd salavatullahın mövludu günü böyük təntənə ilə keçirilir, amma qeyri-rəsmi. Buna baxmayaraq, Peyğəmbər salavatullahın doğum tarixi ölkədə istirahət günü qeyd olunub. Bir neçə gün ərzində Küveyt xalqı təntənəli şənliklər keçirir, maarifləndirici tədbirlər təşkil olunur.

Məhəmməd salavatullahın mövludu günü Misir xalqı üçün çox əhəmiyyətlidir. Ölkənin hər yerində həm rəsmi, həm də qeyri-rəsmi tədbirlər təşkil olunur. Bundan əlavə, Peyğəmbərimizin mövludu bir həftə ərzində Misir mətbuatının gündəmindən düşmür.

Alimlər bir araya gəlməlidir

Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Yakın Ortadoğu Universiteti ilahiyyət fakültəsinin dekanı Yusuf Suiçməzin qənaətincə, müsəlmanlar arasında həmrəyliyin və vəhdətin yaranması çox yaxşıdır.  Çünki müasir dövrümüzdə, ümumiyyətlə, insanlığın vəhdətə ehtiyacı var. Müsahibimizin fikrincə, təriqətləri birləşdirmək mümkün olmasa da, onların bir-birinə hörmətlə davranmasını təmin etmək olar: «Hətta əgər birləşəcəklərsə də, əvvəlcə bir-birinə hörmət göstərməyi bacarmalıdırlar. Bu da insan haqq və azadlıqlarına hörmət təməlli bir din anlayışını inkişaf etdirmək yolu ilə mümkündür». Y.Suiçməzin sözlərinə görə, bunun üçün ilahiyyətçi alimlərin bir araya gələrək mükəmməl bir layihə işləməsi lazımdır. Çünki bu məsələni siyasətçilərin öhdəsinə buraxmaqla, işi daha da çətinləşdirmək olmaz.

Teqlər