İyul 05, 2016 17:51 Asia/Baku
  • Fitr bayramı niyə belə adlanır?

Fitr bayramı niyə belə adlanır?

“Fitr” sözünün mənası “açılmaq” deməkdir. Hədislərdə də bu sözə rast gəlmək olur. Belə ki, Peyğəmbərimiz (s) haqqında gələn hədisdə oxuyuruq ki, Həzrət (s) ibadət etmək üçün o qədər ayaq üstə dayanardı ki, ayağının əti yaralandığı üçün bir-birindən ayrılardı və açılardı.

Oruc tutanlara şamil edilməsinin mənası isə budur ki, oruc tutan insan Fitr bayramında ağzını açar, yəni artıq yeyə və içə bilər.

Quranın da buyurduğu kimi, oruc tutmaq başqa dinlərdə də mövcuddur. Ancaq onların bu orucluq əyyamını Fitr bayramı iə bitirməkləri haqqında məlumat yoxdur. Oruc tutmaq İslam ümmətinə aid olan bir şərəfdir. Başqa dinlərdə oruc tutmaq ancaq peyğəmbərlərə (ə) vacib buyurulmuşdu.

Fitr bayramının özünəməxsus əməlləri vardır ki, bu əməllərə başqa dinlərdə rast gəlmək olmur. O cümlədən Fitr bayramına məxsus namazın olması, bayram gecəsində edilən ibadətlər, bu bayramda fitrənin çıxardılması kimi.

Ona görə də deyə bilərik ki, Allah Təala Ramazan ayını müqəddəs ay kimi tanıdaraq, ancaq İslam ümmətinə ixtisas vermişdir. Bu ayda vacib oruc tutular və orucluğun sonunda isə Fitr bayramı keçirilər. Oruc tutmaq ayininin başqa dinlərdə da olmasına baxmayaraq, Ramazan ayının orucu ancaq müsəlmanlara aiddir. Ona görə də Fitr bayramı da ancaq müsəlman ümmətinə aid edilmişdir. (Erfan)

 

/Deyerler.org/

Teqlər