Aşura bir tarix, Kərbəla bir məkan deyil
Aşura məktəbini yaşatmaq və diri saxlamaq ona görə də hər bir insanın borcudur.
Bizi tərbiyə edəcək pak və mübarək Məhərrəm-Səfər əyyamının xüsusiyyətlərindən biri budur ki, biz bir neçə baxımdan düzələ bilərik. Birinci tərəfdən, içərimizdə olan istilik işə düşür. Əba Əbdillahın (ə) adı gələndə istər-istəməz hərəkətə gəlirik.
İnsanları bir çox başqa şeylər ətrafında toplaya bilirlər. Bütün televiziya, təbliğat vasitələri bunun üçün işləyir, amma uğur qazana bilmirlər. Amma əsrlərdir ki, xalqın, elin içərisində Əba Əbdillaha (ə) əzadarlıq məclisləri yaşadılır.
Əba Əbdillah (ə) məktəbini hər zaman xalq, el-oba yaşadıb. Daxildən istilik olub və bu istilik insanları hərəkətə gətirib.
Əgər dünyanın bir dəyəri olsaydı…
Bu müsibətin yaşadılmasının ikinci tərəfdən tərbiyəedici xüsusiyyəti var. Əba Əbdillaha (ə) baxan insan anlayır ki, əgər dünyanın bir dəyəri olsaydı, İmam Hüseyn (ə) Mədinədən yola çıxıb bu işləri görməzdi. Əgər İmam Hüseyn (ə) dünya dalınca olsaydı, altıaylıq balası Əli Əsğərin, (r.ə), Əli Əkbərin (r.ə) Aşurada nə işi var idi? Əgər İmam Hüseyn (ə) dünya dalınca olsaydı, Həzrət Zeynəbi (s.ə) niyə Kərbəlaya gətirirdi?
Bu məktəbi yaşatmaq və diri saxlamaq ona görə də hər bir insanın borcudur. Xüsusilə gənclərin Kərbəla məktəbinin yaşadılmasında böyük rolu var. Bu irs illər ərzində yaşadılaraq, bizlərə təhvil verilib. İndi bizim, xüsusilə gəncliyin borcudur ki, Kərbəlanı yaşatsın, ona sahib çıxsın. Bəzi insanlar olacaq ki, mərsiyənin, növhənin, rövzənin, sinə vurmaların lazım olmadığını iddia edəcək. Tarixən də belə insanlar olub. Bunların hamısı Kərbəla məktəbini aradan aparmaq üçündür.
Hacı İlqar İbrahimoğlu