“Mərkəzi Bankın siyasəti dollarlaşmaya dəstək deyil, manata inam üzərində qurulmalı idi”
-
Vüqar Bayramov
Vüqar Bayramov: “Mərkəzi Bankın siyasəti dollarlaşmaya dəstək deyil, manata inam üzərində qurulmalı idi”
Artıq birinci devalvasiyadan bir il ötüb. Bu müddət ərzində ölkədə yeni bir iqtisadi prosesə start verilməli idi. Birinci devalvasiya sanki böhran anonsu olaraq verilən bir siqnal idi. İlk devalvasiyadan sonra ölkə əhalisi toparlanmağa vaxt tapmadan ikinci devalvasiyanın ağırlıqlarını yaşamaq məcburiyyətində qaldı. Ekspertlər Mərkəzi Bankın bu bir il ərzində apardığı siyasəti müxtəlif istiqamətlərdə analiz edərək qeyri-ürəkaçan qənaətlərə gəlirlər.
İqtisadçı ekspert Vüqar Bayramov öz Facebook səhifəsində fikirlərini bölüşərkən deyib ki, dollar ilə depozitlərin payı ümumi əmanət portfelində 85% keçib: “Birinci devalvasiyadan ötən müddətdə, xüsusən ötən ilin dekabr və bu ilin yanvar aylarında, Mərkəzi Bankın siyasəti dollarizasiya prosesinin qarşısının alınması deyil, sürətləndirilməsinə hesablandı. Dollar ilə depozitlərin payı ümumi əmanət portfelində 85% keçib. Bu əmanətlərin valyuta strukturu baxımından çox kritik həddir. Üzən valyuta rejiminə keçmək istəyən Mərkəzi Bank əslində manata təzyiq səbəbindən prosesi yubatmağa çalışır. Yanvarın 25-dən sonra manatın dollara nisbətən məzənnəsi müqayisəli şəkildə möhkəmlənir və nəticədə ötən ilin sonlarında, dollar qıtlığı səbəbindən ötən ilin sonu və bu ilin əvvələridə yüksək kursla dollar alanlar daha çox ziyan etməmələri üçün xarici valyutanı manata çevrirlər. Halbuki real üzən məzənnəyə keçməyən Mərkəzi Bank zamanında “qara bazarın” yaranmasına və vətəndaşların yüksək məzənnə ilə dollar almasına imkan verməməli idi. Manatın məzənnəsində yanvarın 25-dən sonra müzakirə edilən möhkəmlənmələr psixoloji faktor ilə bağlı olsa da əhalinin dollar təklifi də diqqətdən yayınmamalıdır. Amma iqtisadi baxımdan ev təsərrüfatlarının milli valyuta tələbi hesabına bu prosesi nə qədər uzun müddət davam etdirilə bilməsi sual altındadır. Çünki müəyyən müddətdən sonra büdcə xərcləmələri manat təklifini, idxal isə dollar tələbini arıtracaq.
Əslində, 2015-ci ildə Mərkəzi Bankın siyasəti dollarlaşma prosesinə dəstək deyil, manata inam üzərində qurulmalı idi. Manatla əmanətlərin banklardan götürülməsinin qarşısının alınması, eləcə də yeni depozitlərin cəlb edilməsi üçün bir sıra təbii ehtiyatlara malik olan ölkələrdə olduğu kimi, banklarda olan əmanətlərin dollara indeksasiyası ilə bağlı təklifimiz birinci devalvasiyadan öncə verilsə də, Mərkəzi Bank hələ də bu istiqamətdə heç bir addım atmayıb. Bu həm də, evlərdə saxlanan manatların banklara yönəldilməsinə və bununla da milli valyutaya təzyiqin azaldılmasına xidmət edə bilərdi. Amma baş bankın son 1 ildəki siyasəti əksinə manata təzyiqi artımaq üzərində quruldu. Manat bazasını son bir ildə inzibati metodlardan istifadə etməklə 2 dəfə azaldan Mərkəzi Bank “az manat, dollara az tələb” prinsipi ilə vətəndaşları və xüsusən də biznesi milli valyutasız qoyub. Dəfələrlə qeyd etdiyimiz kimi, məhdulaşdırıcı siyasətdən genişləndirmə siyasətinə keçid olduqca vacibdir. Mərkəzi Bankın mövcud monetar siyasəti daha çox manat təklifini məhdudlaşdırmağa hədəflənib. Artıq manatın məzənnəsi dünya bazarı ilə də əlaqəsini itirib: bivalyuta səbətinə malik olan Mərkəzı Bank dolların son günlər qlobal valyuta bazarında möhkəmlənməsinə baxmayaraq manatı ABŞ puluna nisbətən möhkəmləndirir. Deməli, 2016-cı ildə manatın məzənnəsində neftin dünya bazar qiyməti istisnasız əsas faktor olacaq”.
Deyerler.org