Devalvasiyaya görә әhali yaz tətili üçün ölkənin regionlarına üz tutur
Novruz bayramı Azərbaycanda ən köklü adətlərə söykənən bayramlardandır.
Novruz bayramı Azərbaycanda ən köklü adətlərə söykənən bayramlardandır. Bu da təbii ki, turizm sektoru üçün ən dəyərləndirilən amillərdəndir. Bayram günü verilən tətillərdən istifadə etmək istəyən əhali müxtəlif turstik bölgələrə üz tuturlar. Bu fürsəti əldən vermək istəməyən turist agentlikləri müxətlif təkliflərlə çıxış edirlər. Eyni zamanda xaricdən gələn turistləri cəlb etmək üçün müəyyən təkliflər hazırlayırlar.
Turizm eksperti Ruslan Quliyev deyib ki, xaricdən Azərbaycana gələn turist axınında əsasən İran, Rusya və Türkiyədən gələn turistlər üstünlük təşkil edir: “Novruz bayramı ilə əlaqədar olaraq ölkənin turizm sənayesinin nümayəndələri tərəfindən həm ölkə daxili, həm də ölkə xarici istiqamətlərdə bəlli Novruz paketləri işləyib hazırlayıblar. Ötən illə müqayisədə artan tələb ölkənin regionlarınadır. Bu da ölkədə baş verən devalvasiya ilə əlaqədardır. Artıq Quba, Xaçmaz, Qusar, Lənkəran, Astara, Lerik, Şəki, Zaqatala, Qəbələ və digər rayonlarda yerləşən turist mərkəzlərinə ilkin sifarişlər olub. Qiymətlərlə bu gün ən ciddi şəkildə maraqlanan mövzulardan olduğu üçün qeyd etməyi lazımlı bilirik. Bir nəfər üçün 40-45 manatdan başlayır. Bu iki nəfərlik otaqda bir nəfərin qiymətidir və bu qiymətə gündə 3 dəfə qidalanma da daxildir. Amma Novruz bayramı yeməyi bu qiymətə daxil deyil. Bu da əlavə olunsa qiymət 50-80 manat arasında dəyişir. Xaricdən Azərbaycana gələn turist axını da diqqəti çəkir. Bu zaman әsasən İran, Rusya və Türkiyədən gələn turistlər üstünlük təşkil edir”.