İyun 09, 2016 17:02 Asia/Baku
  •  Azərbaycan qaz kəməri hücuma məruz qaldı

Azərbaycan qaz kəməri hücuma məruz qaldı

Hakerlər hücum etdi, Azərbaycan qazı iki həftə Rusiyaya axdı. Qazın nəqli istiqamətini yenidən dəyişdirmək üçün iki həftə vaxt lazım olub.

Hakerlər Azərbaycan qazını Gürcüstan üzərindən Türkiyəyə nəql edən kəmərin idarə olunması sisteminə müdaxilə edərək qazın nəqli istiqamətini dəyişdirib.

“Prague Daily Monitor” qəzetinin yazdığına görə Azərbaycan qaz kəmərinə haker hücumu haqda Çexiyanın kiber təhlükəsizlik strategiyası konsepsiyasının müəllifi olan Ales Şpidla “Pravo” adlı çex nəşrinə danışıb.

Ales Şpidla sensasion məlumat açıqlayaraq iddia edib ki, hakerlər Azərbaycan qazını nəql edən kəmərdə axının istiqamətini dəyişərək qazı Rusiyaya yönəldiblər. Qazın nəqli istiqamətini yenidən dəyişdirmək üçün iki həftə vaxt lazım olub. Ekspert bu haker hücumunun nə vaxt baş verdiyini deməyib.

2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi ərəfəsində Bakı-Tiflis-Ceyhan neft kəmərinin Türkiyə hissəsində baş vermiş partlayışın da haker hücumu ilə törədildiyi deyilir. Məlum olmuşdu ki, hakerlər neft kəmərinin nasos stansiyasında kompüter sisteminə müdaxilə edərək kəmərdə təzyiqi süni şəkildə kəskin artırıb. Nəticədə kəmərə heç bir fiziki müdaxilə olmadan güclü partlayış baş verib. Bu hücumun arxasında Rusiyanın dayandığı ehtimal edilir.

Teqlər