Zərdüşt Əlizadə: “Onlar Qarabağ münaqişəsinin bitmәsinә razı olmayacaqlar”
Zərdüşt Əlizadə: “Onlar Qarabağ münaqişəsinin bitmәsinә razı olmayacaqlar”
Artıq iyun ayının sonunda görüşün olması dəqiqləşib. Yeri müəyyən edilməsə də ekspertlərin fikrincə görüş Rusiyada reallaşa bilər. Bəzi ekspertlərin fikrincə Vyana görüşündən bu tərəfə həmsədr ölkələr Ermənistana müəyyən təzyiqlər gözstəriblər. Bu iyun görüşünün nəticələrində özünü göstərəcək. Bu günlərdə Ağ Ev administrasiyası Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən petisiyaya cavab verib. Ağ Ev petisiyanın cavabında Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini özündə əks etdirən hərtərəfli sülh sazişi üzərində dərhal danışıqlara başlamağa çağırb. Ekspertlərin fikrincə bu çağrış iyun ayının sonuna planlaşdırılan görüşün nəticələrinə də müsbət təsir edə bilər.
Mövzu ilə bağlı Zәrdüşt Әlizadә belə qeyd edib ki, ABŞ-ın bu mövqeyi iyun görüşünün nəticələrinə əsla təsir edə bilməz: “ABŞ-ın bu fikri, yanaşması özü üçündür. Ermənistanın isə fikirlərini, istiqamətini Rusiya formalaşdırır. Rusiyadan tam asılı olan Ermənistan öz mövqeyini əsla sərgiləyə bilmir. Rusiya Ermәnistana nə deyirsə, ermәnilәr də onu təkrar etməyə məcbur olur. Rusiya isə özünü kifayət qədər mötədil mövqeli ölkə kimi göstərmək istəyir. Belə ki, Azərbaycan və Ermənistan arasında neytral, eyni məsafəli mövqe sərgilədiyini nümayiş etdirmək istəyir. Amma Ermənistanın guya razı olmadığı qeyd edilir. Guya Rusiyanın da müstəqil dövlət olan Ermənistana təsir etmək imkanları yoxdur. Bu isə Rusiyanın həmişəki riyakar mövqeyidir. Təcavüzkarı dəstəkləyir və təcavüz qurbanına deyir ki, güc işlətmə və gedin barışın. Bu oyun hələ uzun müddət davam edəcək. Bu görüşlərdən heç bir əsaslı nəticə gözləməyə dəyməz. Mən düşünürəm ki, heç vaxt nə Rusiya, nə Fransa, nə də ABŞ Dağlıq Qarabağ münaqişəsinin qurtarmasına razı olmayacaqlar. Ermənistanın Azərbaycan torpaqlarını azad etməsinin reallaşmasını istəməzlər. Münaqişə güc mərkəzlərinin qüvvələrini bölgəyə daxil etmək üçün ən gözəl bəhanədir”.
Deyerler.org