Türkiyə Qərbdən uzaqlaşır? - Ekspert rəyi
Türkiyə Qərbdən uzaqlaşır? - Ekspert rəyi
Son günlər Türkiyə öz xarici siyasətində müəyyən dəyişikliklərə imza atır. Rusiya, İran və Türkiyə arasında çox cidi müzakirələr və müəyyən anlaşmalar reallaşır. Bu proseslərin fonunda da bəzi ekspertlər düşünür ki, Türkiyənin bu istiqamətdə atdığı addımları intensiv şəkildə baş verən terror hadisələrinə də müəyyən qədər müsbət mənada təsir edə bilər.
Politoloq Azər Qasımlı qeyd edib ki, Ərdoğan hakimiyyəti Qərblə münasibətlərdə küncə sıxılmış vəziyyətdədir: “Türkiyənin xarici siyasət vektorunu tam dəyişəcəyinə inanmıram. Yəni, Türkiyənin Qərb bloku ilə deyil, İran və Rusiya ilə daha yaxın münasibətlər quracağı inandırıcı görünmür. Təbii ki, buna cəhdlər ediləcək. Bu gün Ərdoğan hakimiyyəti Qərblə münasibətlərində küncə sıxılmış vəziyyətdədir. Amma bütün bunlara baxmayaraq müəyyən zaman keçdikdən sonra Türkiyə yenidən ənənəvi xarici siyasətinə qayıdacaq. Türkiyə nə NATO-dan çıxacaq, nə Avropa ilə iqtisadi əməkdaşlıqdan imtina edəcək. Çünki, Avropa Türkiyənin əsas iqtisadi əməkdaşı, NATO isə Türkiyə üçün önəmli təhlükəsizlik çətiridir. On illərlə formalaşan və olduqca sıx hərbi və iqtisadi əməkdaşlığın aradan qaldırılması mümkün olmayacaq. Digər tərəfdən Türkiyənin Rusiya və İranla yaxınlaşması Türkiyədə baş verən terroru aradan qaldırmayacaq. Türkiyə-Rusiya yaxınlaşması PKK-nı öz məqsədlərindən əl çəkməyə vadar etməsi inandırıcı görünmür. SSRİ vaxtı ilə PKK-nı dəstəkləyib. Bununla bağlı faktlar da az deyil. İndi isə SSRİ-nin sələfi olan Rusiya PKK-ya dəstək verməkdə davam edə bilər. Lakin PKK kimi təşkilatlar ilk vaxtlar kimlərinsə dəstəyi ilə yaranır, sonra öz fəaliyyətlərinin fərqli-fərqli mərhələlərində müxtəlif ölkələrdən dəstək alırlar. Hətta dəstək aldıqları ölkələrin bəziləri bir-biri ilə dil tapa bilmir. Bu baxımdan demək olmaz ki, Rusiya PKK-nı dəstəkləməsə bu terror təşkilatı tam olaraq çökəcək. Rusiya-Türkiyə münasibətləri yaxşılaşsa belə PKK-nın fəaliyyətində heç bir dəyişiklik olmayacaq. Hətta ola bilsin ki, daha da pislәşәcәk. Çünki, elə ölkələr var ki, onların Rusiya ilə və ya İranla münasibətləri yaxşı deyil. İlk növbədə Səudiyyə Ərəbistanını buna misal çəkmək olar. Bu ölkənin dəstəklədiyi o qədər terroris təşkilatları var ki... Yəni, Türkiyə bu yolla problemi həll edə bilməyəcək. PKK ilk növbədə Türkiyənin problemidir və Türkiyә hansı yolla olursa olsun, bu problemi həll etməlidir. Lakin kürd problemi tək Türkiyənin problemi deyil. Bu Suriya, İraq və Türkiyə ərazisində yaratmağa cəhd edilən Kürd dövləti məsələsidir və Orta Şərq bölgəsinin əsas problemlərindən biridir. Bu baxımdan bu məsələ daha qlobal şəkildə həll edilməlidir”.
Deyerler.org