Dek 19, 2015 22:58 Asia/Baku
  • Həmsədrlәr arasında qarşıdurma varsa, Qarabağ həlli qeyri-mümkündür”
    Həmsədrlәr arasında qarşıdurma varsa, Qarabağ həlli qeyri-mümkündür”

ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarksyanın görüşü başlayıb. Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burxalter qarşılayıb.

Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər. Ekspertlər bu görüşün nəticəsi ilә bağlı nikbin deyillər. Lakin bəzi ekspertlər cəbhədəki gərginlik fonunda bu görüşün müəyyən nəticələrə səbəb olacağını düşünür.

Politoloq Ərəstun Oruclu Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ortaq məxrəc yoxdur: “Düşünürəm ki, prezidentlərin görüşlərindən irəliləyişlər gözləməyə dəyməz. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ortaq məxrəc yoxdur. Münaqişənin həllinə cəlb olunmuş həmsədr ölkələrə baxsaq görərik ki, onların arasında maraqların toqquşması mərhələsi yaşanır. Belə bir şəraitdə hər iki tərəfin Dağlıq Qarabağ münaqişəsinin həllinə razılaşması qeyri mümkündür.

 

Görüş ərəfəsində olan gərginliklərə gəldikdə isə, xronoloji olaraq görüşlərə baxsaq eyni durumun daima baş verdiyini müşahidə edə bilәrik. Əksər görüşlər ərəfəsində cəbhə xəttində gərginliklər yaşanıb. Bu da təəssüflər olsun ki, normal təcürbəyə çevrilib. Çünki tərəflər bir növ bu görüşlərə gedərkən arqument kimi, güc amilini işə salmaq istəyir. Bu baxımdan düşünürəm ki, baş verənlərdə yenilk axtarmağa dəyməz.Təbii ki, 2016-cı ildə Dağlıq Qarabağla bağlı müəyyən addımlar da atıla bilər.

Bu Rusiya-Türkiyə arasındakı münasibətlərdə müəyyən forsmajor hadisə baş verməsindən çox asılıdır. Lakin gərginliyin o həddə gedib çatmasını düşünmürəm. Çünki Rusiyanın NATO ilə qarşıdurmaya gedəcək qüvvəsi yoxdur. Digər tərəfdən isə bu gün dünya böyük müharibələrdə maraqlı deyil. Məncə böyük güclərin münasibətlərinin aydınlaşdırması konturları artıq çəkilib".

 

/Deyerler.org/


Teqlər