Mart 18, 2016 00:18 Asia/Baku

Natiq Cəfərli: "İlqar Məmmədovun yaxın gələcəkdə azad olunacağına tam əminik"

“Dostlarımızın və siyasi məhbusların böyük bir qisminin azadlığa çıxması bizi çox sevindirdi. O cümlədən, ReAL-ın idarə heyətinin üzvü Rəsul Cəfərovun da azadlığa çıxması bizə ikiqat sevinc bəxş etdi. Ancaq, təbii ki, sədrimiz, hərəkatın lideri İlqar Məmmədovun həbsdə qalması bizə üzüntü gətirir. Bu, bir daha sübut edir ki, indiki hakimiyyətin yeganə siyasi rəqibi və çəkinəcəyi İlqar Məmmədovdur. Çünki beynəlxalq təşkilatların da, Avropa İnsan Haqları Məhkəməsinin də azadlığa çıxmasını istədiyi fiqurlardan biri İlqar Məmmədov idi. Avropa Məhkəməsinin onun azad edilməsi ilə bağlı qərarı da vardı”.

Bunu AzadlıqRadiosuna Real Hərəkatının icra katibi Natiq Cəfərli deyib. O, İlqar Məmmədovun yaxın gələcəkdə azad olunacağına inandığını da bildirir:

 

“İlqar Məmmədovun yaxın gələcəkdə azad olunacağına tam əminik. Çünki Avropa İnsan Haqları Məhkəməsinin ikinci qərarı da gözlənilir. Çox yaxın zamanlarda bu qərar da olacaq. Bu qərarda qeyd- şərtsiz azad olunması məsələsi bir daha qaldırılacaq. Əminik ki, yaxın gələcəkdə bütün siyasi məhbuslar, o cümlədən, İlqar Məmmədov, Xədicə İsmayıl, İntiqam Əliyev azad oluncaq”. (azadliq.org)


Teqlər