“Qanunsuz həbs edilənlərin hüquq müdafiəçisi və ya dindar olması fərq etmir”
Aslan İsmayılov: “Qanunsuz həbs edilənlərin hüquq müdafiəçisi və ya dindar olması fərq etmir”
Artıq Novruz bayramı öncəsindən başlanan məhbusların azad edilməsi prosesi aktiv şəkildə davam edir. Son olaraq İntiqam Əliyevin də azad edilməsi bu istiqamətdə bir ümidlər yaradıb. Bu mövzu ilə bağlı DEVAMM-ın müraciəti müəyyən qədər müzakirəyə səbəb olub. Belə ki, ölkədə onlarla dindar həbs olunmasına baxmayara ölkə ictimaiyyəti eyni diqqəti bu istiqamətdə göstərməkdə tərəddüd edir. DEVAMM bu mövzuya xüsusi olaraq diqqət çəkib və bunu bir növ ayrı seçkilik adlandırıb və ölkədə mövcud olan vətəndaş cəmiyyətinin fəallarını haqsız yerə həbs edilmiş dindarların da müdafiəsinə qalxmağa çağırıb.
Mövzu ilə bağlı vəkil Aslan İsmayılov deyib ki, qanunsuz həbs edilənləri bölmək lazım deyil: “Təbii ki, bu mövzu aktual bir mövzudur. Mən həmişə bir məsələnin tərəfdarı olmuşam: "qanunsuz yerə həbs edilən bütün məhbuslar azad edilməlidir". Qanunsuz həbs edilənləri bölmək lazım deyil. Qanunsuz həbs edilən şəxslərin tanınmış olması və ya tanınmış olmaması, hüquq müdafiəçisi olması və ya dindar olması heç bir fərq etmir. Qanunsuz həbs edilən bütün şəxslər müdafiə edilməlidir. Mən burada istənilən diskriminasiyanın əleyhinəyəm”.
Deyerler.org