İyun 13, 2016 17:36 Asia/Baku
  • “Avropa Cənubi Qafqazı özünə birləşdirmək və Xəzər dənizinə çıxmaq istəyir”

Hikmət Hacızadə: “Avropa Cənubi Qafqazı özünə birləşdirmək və Xəzər dənizinə çıxmaq istəyir”

Almaniya kansleri yaxın zamanlarda Gürcüstana səfər edəcək. Bunu jurnalistlərə açıqlamasında almaniyalı siyasətçi Anxal Rayner Xazelof söyləyib. Qeyd edək ki, iyunun 15-də Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Almaniyaya gedəcək. Ondan öncə Berlinə Ermənistan və Azərbaycan prezidentləri səfər ediblər. Ekspertlərin fikrincə Almaniyanın Cənubi Qafqaza olan diqqəti xüsusi ilə artıb. Bu da təsüdüfi sayıla bilməz. Almaniyanın bu marağının arxasında daha ciddi məqamlar gizlənə bilər.

Politoloq Hikmət Hacızadə Deyerler.Org-la fikirlərini bölüşərkən qeyd edib ki, Almaniyanın son vaxtlar Cənubi Qafqaza diqqətinin artmasını hiss etməmək mümkün deyil: “Almaniyanın Cənubi Qafqaza olan marağını ümumi olaraq Almaniyanın xarici siyasətinin bir hissəsi kimi qəbul etmək lazımdır. Məlum olduğu kimi Almaniya və Yaponiya ikinci dünya müharibəsində uduzmuş iki dövlətdir. Bu baxımdan indiyə qədər Almaniyanı hər cür xarici addımlardan saxlayan amillər var idi. Almaniya hökuməti özündə bir qənaətə gəlmişdi ki, xarici proseslərə o qədər də müdaxilə etməsin. Amma indi dünyanın reallığı tam dəyişib. Artıq bütün dünya və Almaniya ictimaiyyətinin özü ölkələrinin xarici siyasətdə aktiv olmasını tələb edir. Almaniya Avropanın ən güclü ölkələrindən biridir və çox güclü imkanları var. Bu baxımdan Almaniya artıq xarici siyasət tempini artırmağa başlayıb. Yəni, bu vaxta qədər ikinci dünya müharibəsində uduzmuş iki ölkə şüurlu surətdə özlərini xarici siyasətdən təcrid etmişdilər. Amma bu gün dünyanın hazırki dönəmi fərqli qaydalar yaradıb və yeni addımlar tələb edir. Artıq Almaniya özündə xarici siyasətdə aktiv olması ilə bağlı mənəvi bir öhdəlik hiss edir.

Almaniyanın Cənubi Qafqazla bağlı xüsusi planları var. Bu planların önündə təbii ki, Cənubi Qafqazın Avropaya birləşdirilməsi durub. Qərbin belə bir planı var. Təbii ki, bu istiqamətdə ciddi müqavimətlər də var. Cənubi Qafqazla qonşu olan ölkələr təbii ki, bu plana qarşı çıxmaq istəyəcəklər. Amma bütün müqavimətlərə rəğmən, Avropa Cənubi Qafqazı özünə birləşdirmək və Xəzər dənizinə çıxmaq istəyir”.

 

Deyerler.Org

Teqlər