“BMT TŞ-nın 4 qətnaməsi olduğu halda 5 rayon məsələsi anlaşılan deyil”
Üzeyir Cəfərov: “BMT TŞ-nın 4 qətnaməsi olduğu halda 5 rayon məsələsi anlaşılan deyil”
İyunun 20-də Rusiyada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü baş tutdu. Görüşün nəticəsi olaraq Azərbaycan rəsmiləri qeyd etdi ki, Ermənistan 5 rayon və sonra 2 rayonun qaytarılmasına razılıq verib. Hərçənd qarşı tərəf bu məlumatların səhv olduğunu qeyd edir. Eyni zamanda Ermənistan ölkə başçısı görüşdən sonra işğal edilmiş torpaqlara səfər edib və Xankəndində yüksək rütbəli rəsmilərlə görüş keçirib. Ekspertlərin fikrincə işğaldan torpaq azad edən tərəfin addımları bu cür olmaz. Burada nə isə başqa bir məsələnin qoxusu var.
Hərbi ekspert Üzeyir Cəfərov Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, bütün bunlar Qərb tərəfindən razılaşdırılmış mərhələli oyunlardır:“Mən ölkə rəsmilərinin ermənilərin sözlərinə necə güvənə biləcəklərini anlaya bilmirəm. Əgər erməni tərəfi torpaqları azad etmək fikrində olsaydı onu elə İrəvanda bir ciddi toplantı keçirdərək müzakirə edərdi. Amma bu gün biz Ermənistan ölkə başçısının nümayişkəranə şəkildə işğal edilmiş torpaqlara səfər etdiyini müşahidə edirik. Bu baxımdan bu cür nağılları zaman-zaman eşitdiyimizi unutmaq olmaz. Bu Rusiya və Ermənistanın növbəti oyunudur. Çox təəssüflər olsun ki, Rusiya görüşləri ilə bağlı Azərbaycan rəsmiləri ciddi irəliləyişlər əldə olunduğunu qeyd edirlər. Əgər sözlə torpaqlar azad ediləcəkdisə biz bunu 1990-cı illərin əvvələrində bayram etməliydik. Çünki, həmin vaxtda BMT işğal olunmuş torpaqların azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etdi. İndi ölkə rəsmiləri ermənilərin üzərilərinə öhdəlik götürməsindən danışır. Erməni heç vaxt güvənilən tərəf olmayıb. Bütün bunlar Qərb tərəfindən razılaşdırılmış mərhələli oyunlardır.
Aprelin əvvələrində baş vermiş hadisələrdən sonra Con Kerri ilə Sergey Lavrova az qala hər həftə Dağlıq Qarabağ məsələsini müzakirə edirdilər. Bu gün isə Dağlıq Qarabağ məsələsi heç gündəmə də gətirilmir. Nə üçün? Deməli tərəflər arasında müəyyən razılıq əldə edilib. Son hadisələrdən sonra Fransa üstünlük əldə etmək istəyir. Son görüşləri də Fransa tərəfi çox ciddi olaraq alqışlayır. Guya nə baş verib ki? Dediklərimə sübut olaraq Nalbandiyanın N. Məmmədovun fikirlərini təkizib etməsini göstərmək olar. Azərbaycan özünün aldatmamalıdır. Sarkisyanın Dağlıq Qarabağ ərazilərinə səfər etməsi onu göstərir ki, qarşı tərəf aktiv əməliyyatlara hazırlaşır. Sosial şəbəkələrdə erməni deputatı Pananyan qeyd edir ki, erməni tərəfi Rusiyaya minnətdar olmalıdır ki, Ermənistana vaxt qazanmaqda kömək edir. Bütün bu məsələləri bildiyimiz halda kimi aldadırıq? Ümumiyyətlə 5 rayon söhbəti hardan çıxıb? Onda belə çıxır ki, bu danışıqlar BMT sənədlərini qüvvədən salıb. BMT TŞ sənədlərində qeyd edilir ki, Ermənistan silahlı birləşmələri qeyd şərtsiz əraziləri tərk etməlidir.
Azərbaycan bu danışıqlarda iştirak etməsi üçün BMT TŞ qətnaməsinin qüvvədən düşdüyünü bəyan etməlidir, ya da bu mənasız danışıqlardan imtina etməlidir. Birdəfəlik anlamaq lazımdır ki, Ermənistan heç bir torpaq azad etməyəcək. Əksinə düşmənin çox məkirli planı var. Azərbaycanın başının altına yastıq qoyub, qəfil zərbə endirmək istəyirlər. Biz erməninin xain hücumlarına həmişə hazır olmalıyıq”.
/Deyerler.org/