“Görünən budur ki, Azərbaycan görüşdə edilən təkliflərlə razılaşmayıb”
Hikmət Hacizadə: “Görünən budur ki, Azərbaycan görüşdə edilən təkliflərlə razılaşmayıb”
Ölkə başçılarının Sankt Peterburq görüşü çox ciddi olaraq gözlənilirdi. Hətta bir çox ekspertlər bu görüşdə ciddi nəticələrin əldə edilə biləcəyi ilə bağlı fikirlər səsləndirirdirlər. Amma bu gün proseslәrin gedişatına baxsaq onu görmək olar ki, heç bir ciddi nəticə əldə edilməyib. Bu da prosesin naməlum vaxta qədər yenə uzanmasına gətirib çıxardacaq.
Politoloq Hikmət Hacızadə bu haqda deyib ki, ölkə başçılarının Sankt Peterburq görüşü nəticəsiz oldu: “Artıq bu mövzu ilə bağlı bütün danışqıları, söylənənləri bir yerə yığsaq onu deyə bilərik ki, ölkə başçılarının Sankt Peterburq görüşü nəticəsiz oldu. Burada tələblər əvvəlcədən də qeyd etdiyim kimi məlum idi. Rusiya qoşunları işğal olunmuş ərazilərə yeridmək istəyir. Bunun müqabilində isə 5 və daha sonra 2 rayon qaytarılmalı idi. Yəni Azərbaycan əgər torpaqlarını geri qaytarmaq istəyirsə, Rusiyanın təqdim etdiyi təklifə razılıq verməlidir. Əgər hәmin danışıqlarda Rusiya və Azərbaycan tərəfi bir araya gəlibsə və Ermənistan etiraz edibsə, onda yeni müharibə olacaq. Azərbaycan işğal olunmuş ərazilərə hücum edəcək və Rusiya da Ermənistanı müdafiə etməyəcək. Yox əgər Rusiyanın təklifinә Azərbaycan etiraz edirsə onda heç bir dəyişiklik olmayacaq və proses belə də qalacaq. Amma bu gün proseslərin gedişinə baxsaq görə bilərik ki, bu etirazı Azərbaycan tərəfi edir. Azərbaycan Rusiya qoşunlarını ölkə ərazisinə daxil etmək istəmir. Bu baxımdan Dağlıq Qarabağda status-kvo qorunacaq və bu mövzu, Rusiya ciddi şəkildə zəifləyənə qədər davam edəcək”.
Deyerler.org