“Türkiyənin hücumlarının həlledici olacağını demək mümkün deyil”
Polkovnik Ramaldanov: “Türkiyənin hücumlarının həlledici olacağını demək mümkün deyil”
Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri və koalisiya aviasiyası Suriyanın Hələb mühafəzəsinin Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb. Əməliyyat, Türkiyə sərhədlərinin terror qruplaşmalarından təmizlənməsi və Suriyanın ərazi bütövlüyünə dəstəklənməsinə yönəlib.
Polkovnik Şair Ramaldanov deyib ki, Türkiyənin hücumu öz həmsərhəd ərazisini nəzarətə almağa xidmət edir: “Artıq İŞİD-lə mübarizə beynəlxalq bir prosesə çevrilib. Türkiyə də mübarizə aparan tərəflərdən biridir. Türkiyə bu mövzuda daha da maraqlıdır. Belə ki, terrorçuların həmsərhəd bir bölgədə yerləşməsi təbii ki, mövzunu Türkiyə üçün daha da həssas edir. Türkiyənin Suriya ilə sərhəd bölgəsində təhlükəsizlik məsələsi sual altındadır. Həmin istiqamətdə İŞİD daha da aktivlik edir. Türkiyənin də hücumu öz həmsərhəd ərazisini nəzarətə almağa xidmət edir. Eyni zamanda İŞİD-in qeyd edilən ərazidə təsirini azaltmaq üçün atılan addımlardır. Bütün bunlarla yanaşı Türkiyənin həmləsi ümumi anlamda İŞİD-ə qarşı aparılan əməliyyatların bir hissədir. Hər bir əməliyyat müəyyən nəticələrə gətirib çıxardacaq. Amma bu hücumların hansısa iri miqyaslı və həlledici həmlə olacağını demək mümkün deyil. Bu sadəcə Türkiyənin həmsərhəd ərzisini müəyyən qədər nəzarətə almasına xidmət edə bilər”.