Okt 04, 2016 16:11 Asia/Baku
  • Həbs edilən NİDA-çıların şikayətinə BAXILACAQ

Həbs edilən NİDA-çıların şikayətinə BAXILACAQ

Bakı Apellyasiya Məhəkəməsində NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədovun işgəncəyə məruz qalması ilə bağlı şikayətə baxılacaq.

 

Bu haqda Modern.az-a məlumat verən vəkil Elçin Sadıqov deyib ki, məhkəmələr fərqli tarixlərdə keçiriləcək:

 

“Oktaybrın 5-də saat 16.00-da Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Qiyas İbrahimovun, 6 oktyabrda isə hakim Rizvan Səfərovun sədrliyi ilə Bayram Məmmədovun işgəncələrə məruz qalmasından verdiyim apellyasiya şikayətinə baxılacaq”.

O bildirib ki, Səbail rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli müvafiq qərarları ilə Qiyas İbrahimovun və Bayram Məmmədovun işgəncələrə məruz qalması faktı ilə bağlı Bakı şəhər Prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından verdiyi məhkəmə nəzarəti qaydasında şikayət təmin edilməyib.

 

Həmin qərarlardan apellyasiya şikayətləri verilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.

“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.

 

NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.

Teqlər