Okt 19, 2016 18:31 Asia/Baku
  • Mosul əməliyyatının 3-cü günü: İraq ordusu daha bir neçə məntəqədə nəzarəti bərpa etdi

Mosul əməliyyatının 3-cü günü: İraq ordusu daha bir neçə məntəqədə nəzarəti bərpa etdi

Çoxdan gözlənilən Mosul əməliyyatı artıq 3-cü gündür ki, davam edir. İraq hökuməti İŞİD-i ölkədən qovmaq üçün başlatdığı əməliyyata bütün silahlı qüvvələri, o cümlədən sünni, şiə və kürd qüvvələrini əməliyyata cəlb edib.

 

Deyerler.org Al-Sumaria saytına istinadən xəbər verir ki, oktyabrın 19-da beynəlxalq koalisiyaya məxsus döyüş təyyarələri Mosulun qərbində yerləşən Bəəc rayonunda İŞİD yaraqlılarının tez-tez getdiyi restoranı hədəfə alıblar. Hava hücumu zamanı 9 terrorçunun öldürüldüyü qeyd olunub.

 

İraqın Birgə Əməliyyatları Komandanlığından verilən məlumata əsasən, İraqın silahlı qüvvələri Mosulun qərbində yerləşən Şami, Xarbat Əl-Hədid və Əl-Beyza kəndlərində nəzarəti bərpa ediblər.

 

İraqın döyüş təyyarələrinin İŞİD-in Mosuldan Ənbar vilayətinin Anah şəhərinə tərəf hərəkət edən 2 nəqliyyat vasitəsini hədəfə alması nəticəsində, 5 terrorçunun öldüyü qeyd olunub.

 

Al-Sumaria televiziyasının verdiyi xəbərə əsasən, koalisiyaya məxsus döyüş təyyarələri Anah şəhərinin 20 kilometr məsafəliyində yerləşən Rava şəhərindəki İŞİD mövqelərinə qarşı hava hücumu təşkil edib və hücumda xeyli sayda terrorçunun öldürüldüyü qeyd olunub.

 

Peşmərgə qüvvələrinin Sincar bölgəsi üzrə komandanı İŞİD-in şəhərə hücumunun qarşısını aldıqlarını bildirib. O, əməliyyatda 2 əsgərin yaralandığını qeyd edib.

 

Adının anonim saxlanılmasını istəyən təhlükəsizlik qüvvələrinin rəsmisi İŞİD-in Mosulun Cumhuri rayonunda yerləşən qubernator binasını güclü trotil partlayıcılarıyla darmadağın etdiyini bildirib.

 

İraqın silahlı qüvvələri Mosulun cənub şərqində yerləşən Kani Əl-Haramiyyəh kəndini İŞİD-lə güclü qarşıdurmalardan sonra azad edib.

 

İraqın xüsusi əməliyyatlar komandanlığı Bağdadı Mosula birləşdirən magistral yolda da nəzarəti bərpa ediblər.

 

İraqın birgə əməliyyatlar komandanlığından verilən açıqlamada isə İraq döyüş təyyarələrinin Mosulun şərqindəki Bartalah rayonuna qarşı təşkil etdiyi hava hücumunda İŞİD-in Neynəva vilayəti üzrə əmiri Vahid Yunis və 32 silahdaşı ilə öldürülüb. Bundan başqa İraq ordusu Həmdaniyyə rayonunda nəzarəti bərpa etmək əməliyyatında 25 terrorçunu zərərsizləşdirməyə nail olub. Digər terrorçular isə qarşıdurmaya girməkdən çəkinərək, rayonu tərk ediblər.

 

İraq ordusu, həmçinin İŞİD-in digər rayonlarla əlaqəsini təmin edən tunel şəbəkəsini aşkarlayıblar.

 

Deyerler.org

Teqlər