Qədr gecəsinin ən yaxşı əməli hansıdır?
Qədr gecəsinin ən yaxşı əməli hansıdır?
Həyatımızda elə zamanlar vardır ki, onlardan bəhrələnərək daha çox axirət faydası qazana bilərik. Bu zamanlardan biri də Qədr gecəsi və onun əhyalarıdır. Allahını, Peyğəmbərini (s) və Əhli-beytini (ə) tanıyan hər bir insan bu gecələrin intizarını çəkər. Ondan ən yaxşı şəkildə faydalanmaq istəyər. Çalışaq ki, bu əhya gecələri əvvəlki gecələrdən feyz və inayəti ilə fərqlənsin. (Tebyan)
İmam Əli (ə) buyurur:“Fürsət bulud kimi keçər. Ona görə də yaxşı fürsətləri qənimət bilin”. Bizim həyatımızda olan bu fürsətlər qızıl və gümüşdən də dəyərlidir. Bu dəyərli fürsətin qədrini bilək və onu qənimət bilək.
Bu gecənin özünəməxsus əməlləri vardır ki, o cümlədən: qüsl, dua, Quranı və Əhli-beyti (ə) vasitə qərar vermək, İmam Hüseynin (ə) ziyarəti, xüsusi namaz kimi.
Bu gecəni başqa gecələrdən fərqləndirən cəhət odur ki, bu gecədə Quran nazil olmuşdur. Bu gecə ona görə əzizdir ki, insanın hidayət olmaq zəminəsini hazırlayır. Hədəf - Allaha çatmaqdır, bu İlahi səfər isə mərifət olmadan mümkün deyildir. Quran və dua oxumaq bəyənilən əməllərdəndir. Ancaq əgər onları nə üçün oxuduğun haqqında düşünməsən və təfəkkür etməsən, faydası və əcri az olar.
Ona görə də bu gecələrdə edilə bilən ən yaxşı əməl - təfəkkür etmək və düşünməkdir. Əgər Quran oxuyuruqsa, mənasına diqqət edək. Əgər dua oxuyuruqsa, bizə nə dediklərinə qulaq verək. Min gecədən üstün olan bu gecələrdə fikirlərimizi nizama salaq və Allahla əhd bağlayaq ki, etdiyimiz bütün işləri düşünüb edəcəyik.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir saat təfəkkür bir il ibadətdən daha yaxşıdır”. Əlbəttə o kəs təfəkkür etməyə müvəffəq olar ki, Allah ürəyini tövhid və mərifət nuru ilə işıqlandırmışdır. Ubudiyyət və bəndəlik yolunda addımlayır. Məxluqlar haqıqnda təfəkkür etmək - insanı aləmlərin Məbdəsinə çatdırar və Onun ali sifətləri ilə tanış edər. Öz nəfsin haqqında təfəkkür etmək Allah Təalanın əmrlərinə itaət etməyi təlim verər. Əməl və rəftar haqqında təfəkkür etmək insanı öz eyb və nöqsanlarına agah edər. Keçmişdəkilər haqqında təfəkkür etmək əməllərin nəticəsi və xoşbəxtliyin mərhələləri haqqında məlumat verər. Təfəkkür elə bir vasitədir ki, bəndəlik məqamına onsuz çatmaq mümkün deyildir.
Qədr gecəsi elə bir gecədir ki, İlahi ərşin qapıları açılar və mələklər yerə enməyə tələsərlər. Bu gözəl dəqiqələr bir daha təkrar olmayacaqdır. Ona görə də əllərini açıb, İlahi rəhməti hiss et. Bu gecə hər yerdə İlahi nişanə vardır.
Allaha bizə bu fürsəti verdiyi üçün şükür edək və deyək ki: “Allahım! Sənə şükür edirəm ki, Qədr gecələrini günahdan paklanmaq üçün yol və vasitə qərar vermisən. Qədr gecələri Səninlə barışmaq üçün ən yaxşı fürsətdir. Bizləri bu aydan bağışlanmış halda çıxart. Əllərimi Sənə tərəf açmışam və əllərimi dərgahından boş qaytarma. Əllərimi tut və məni səadət qapılarından içəri al”.
/Deyerler.org/