Sen 03, 2016 12:49 Asia/Baku
  • İslamda evlənmək -İkinci hissə
    İslamda evlənmək -İkinci hissə

İslamda evlənmək -İkinci hissə

Həzrət Əlinin izdivacı 

Bir gün həzrət Əli (Ona salam olsun) Allah Rəsulunun (Allahın ona və pak əhli-beytinə salamı olsun) yanına gələrək bir az söhbətdən sonra Peyğəmbərə belə deyir: Ya Rəsuləllah, siz mənim dünya və axirətdə pənahım və köməyimə yetənimsiniz. Ya Rəsuləllah, mənə qarşı göstərdiyiniz bu qədər hörmət və mehribanlıqla yanaşı, ünsiyyət tapmaq üçün evlənib ailə sahibi olmaq istəyirəm. Ya Rəsuləllah, mən sizin yanınıza gəlmişəm və xahiş edirəm ki, qızınız Fatimənin nikahını mənə oxuyasınız.

Ümmü Sələmə deyir: Bu sözdən sonra Peyğəmbərin mübarək üzünün sevincdən nurlanmasının şahidi oldum.

Həzrət, Əmirəl-möminin mübarək üzünə təbəssüm edib buyurdu: Ya Əbəl Həsən, mənim Fatimənin nikahını sənə oxumamdan ötrü mehriyyən varmı?

Əli dedi: Atam-anam sənə fəda olsun, mənim vəziyyətim sizə məlumdur, təkcə bir qılınc, bir zirehli paltar və bir dəvə varımdır ki, onunla da su daşıyıram. Bunlardan başqa heç bir şeyim yoxdur.

Peyğəmbər buyurdu: Ya Əli, qılınca ehtiyacın vardır, çünki Allah yolunda cihad edib Onun düşmənləri ilə döyüşməlisən. Dəvə isə su gətirmək, xurma ağaclarını suvarmaq, ona yük yükləmək üçün lazımdır, mən sənin zirehli paltarının mehriyyə olması qarşılığında səninlə Fatiməni evləndirirəm.

Ev işlərinin bölünməsi

Həzrət Peyğəmbər Həzrət Əli ilə Fatimənin evlənməsindən sonra ev işlərini ikisinin arasında bölərək buyurur: Evdən kənardakı işlər Əlinin öhdəsinədir. Evin daxilindəki işlər ilə Zəhrayi-Mərziyyə məşğul olacaqdır. Həzrət Fatimənin əvvəlcə işarə olunmuş böyük mənalı cümləsi belədir: “Bu işdən nə qədər xoşhal olduğumu Allahdan savayı heç kəs bilmir.” Yəni iki dünyanın xanımı dünyalar qədər xoşhal oldu ki, Peyğəmbər onu evdən kənardakı işlərdən, naməhrəmlərlə üz-üzə gəlməkdən azad etdi.

İslamiyyətin əvvəllərində evlilik nümunələri

İslam dininin ilk çağlarında izdivac mərasimləri adətən çox sadə surətdə keçirilərdi.

Bir gün bir qadın Allah Rəsulunun (Allahın ona və pak əhli-beytinə salamı olsun) hüzuruna gəlib, ona ərə getmək niyyətində olduğunu bildirir. Amma Peyğəmbər (Allahın ona və pak əhli-beytinə salamı olsun) onunla evlənmək istəmir, bununla belə, o qadını da naümid etmək istəmir. Buna görə də mübarək başını aşağı dikir. Elə bu vaxt məclisdəki səhabələrdən biri ayağa qalxıb “Ya Rəsulullah, əgər siz istəmirsinizsə onda məni onunla evləndirin” deyir.

Həzrət üzünü qadına tutub soruşur: “Razısanmı?”

O qadın: “Bəli, ya Rəsulullah!” – deyə cavab verir. Sonra o kişiyə buyurur: “Mehriyyə üçün nəyin var?” O da “Bu geyindiyim köynəkdən başqa heç bir şey yoxumdur”- deyə cavab verir. Həzrət sual edir: “Quran bilirsənmi?” Deyir: “Vaqeə surəsini əzbər bilirəm.” Həzrət qadından soruşur: “Vaqeə” surəsinin sənə öyrətməsi müqabilində bu kişiyə ərə getməyə razısanmı?” Qadın razı olduğunu bildirir. Peyğəmbər, beləliklə, kəbin xütbəsini oxuyub qadının nikahını o kişi üçün bağlayır.

İzdivac bidəti

Mövcud və qarşıya çıxan maneələri biz özümüzdən yaradaraq İslam adına yazmışıq və mütləq Qiyamət günü bütün bunlara görə cavab verməliyik. Bu bidət və xurafatların yaranması və möhkəmlənməsində hər kəsin payı varsa günahkardır. Rəsuli Əkrəm evlənmədəki bütün maneələrini aradan qaldırmış və müsəlmanlara bu mühüm məsələ üçün çox təkid etmiş, tək qalıb evlənməməyi məkruh və xoşagəlməz buyurmuşdur.

Qadın və kişinin tək qalması və evlənməməsinin pis və bəyənilməz olması barəsində məsum İmamlar tərəfindən çoxlu hədislər söylənilmişdir. Məsələn, Rəsuli Əkrəm buyurmuşdur: “Cəhənnəm əhlinin çoxu evlənməyən, ailə qurmayan kişi və qadınlardır.”

Başqa bir hədisdə isə belə buyurur: “Ən pis ölüm, evlənməyib tək qalan kişi və qadınların ölümüdür.”

Evlənməyə ehtiyac – bir həqiqətdir

Həddi-büluğa yetən hər bir oğlan və qızın evlənməyə ehtiyacı vardır. Əgər təbii olan bu ehtiyacla mübarizə olunarsa fəsad və bədbəxtlikdən başqa bir nəticə verməyəcəkdir. Susuzluğu aradan qaldırmaq üçün su içmək Allahın qoyduğu mövcud təbii qanunlardan biridir. Əgər bir kəs əziyyət və məşəqqətlə təbii qanunun əksinə hərəkət etsə, istər-istəməz təslim olmağa məcburdur, yoxsa özünü tələf edəcəkdir.

Həddi-büluğa yetmiş oğlan və qızların təbii ehtiyacları da belədir. Əgər bu ehtiyacın əksinə rəftar olunsa bu, cəmiyyətin pozğunluğuna gətirib çıxaracaqdır. Bu qanunun əksinə olan “inkişaf etmiş” qərb ölkələrinin bugünkü vəziyyəti buna canlı bir sübutdur ki, hal-hazırda bu mühüm məsələ heç bir kəsə gizli deyildir ki, bu ölkələr fəlakət və bədbəxtliyə doğru sürətlə addımlamaqdadırlar.

İzdivacın əhəmiyyətini doğuran səbəblər

İslamda evlənməyin əhəmiyyətini göstərən dəlilləri iki qismə bölmək olar:

1-Cinsi hiss və qərizələrin təmin olunması

Evlənməyin əhəmiyyəti bundadır ki, insanların cinsi qərizə və istəkləri əql və şəriətin qəbul etdiyi düzgün yollarla təmin olunsun ki, bu hislər tüğyan edib həddini aşmasınlar.

Əgər təbii və cinsi hislər Allah və ağlın bəyəndiyi yol ilə təmin olunmazsa amansız fintə-fəsad alovu cəmiyyəti bürüyəcəkdir. İnsanın susuzluq zamanı suya, aclıq zamanı yeməyə ehtiyacı olduğu kimi, eləcə də cinsi-təbii hiss və qərizələrin coşduğu zamanda da onların təbii yolla təmin olunmasına ehtiyacı vardır. Eyni zamanda cinsi və təbii hislərin düzgün yollarla təmin olunmasını təkcə evlənməklə mümkün olmasını unutmamalıyıq. Məhz buna görə də İslam insanların fitri və yaranış istəklərinə müvafiq olaraq evlənib ailə qurmağı əmr etmişdir.

2-İnsanın düzgün tərbiyə olunması və sağlam ruhlu olması.

Ailə qurmaq məsələsində İslam dininin təkid etməsinin ikinci mühüm səbəbi düzgün insan tərbiyəsidir.

Əvvəldə qeyd olunduğu kimi, ailə mühiti insanın islahı və tərbiyə olunması üçün dəyərli bir məktəbdir. Belə ki, ailə mühiti bir çox Allah bəyənən sifət və işlərin mənşəyidir. Lakin bir çox mənfi və bəyənilməz xüsusiyyətlərin ailə qurmamağın nəticəsində yaranmasını mütləq qeyd etmək lazımdır.

Evdə və cəmiyyətdə bəzi meyl və istəklərimizi unutmalıyıq. Əgər belə olmazsa yaşayış çətinləşər. Bu fədakarlıq ailədə də lazımlı və zəruridir.

Ər-arvad Allah xatirinə evdə bir-birinin pis rəftarına dözsələr çox savab apararlar. Hədisdə belə deyilibdir:

“Əgər kişi arvadının pis əxlaqına göz yumub səbir edərsə Allah ona çəkdiyi əziyyətin əvəzi olaraq Əyyub peyğəmbərin savabını verəcəkdir və əgər bir qadın da ərinin pis əxlaqına dözüb səbir etsə Allah ona Asiyanın savabını əta edər.”

Teqlər