Uca Allahın verdiyi vədlər
Uca Allahın verdiyi vədlər
Öz bəndələrinə münasibətdə mehriban olan Allah, bizlərə bir çox vədlər vermişdir. Əlbəttə, Allahın verdiyi vədlər insanların verdiyi vədlər kimi deyildir. Onun verdiyi vədlər – birmənalı olaraq, haqq vədlərdir.
Əgər söz verib və bir şeyi vəd edibdirsə, onu mütləq yerinə yetirər. Allah Təala Öz vədindən heç bir zaman boyun qaçırtmaz.
Heç indiyə qədər Allahın verdiyi vədlərə diqqət etmişik? Bilirsənmi ki, Allah biz bəndələrinə hansı vədləri vermişdir? (İslami saytlara istinadən)
Allah Təala bəşərin ehtiyaclarını nəzərə alaraq, məkan və zamana diqqət edərək, bəndələrinə vəd verər. Bu vədlərdən bəziləri ilə tanış olaq:
1. Bağışlanma və böyük əcr vədi. “Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir”. (“Maidə” 9).
2. Məad və Qiyamət vədi. “Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir. Həqiqətən yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa çatdıqdan sonra) iman gətirən və yaxşı işlər görənləri haqq və ədalətlə mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur. Kafirlər üçün küfrlərinin cəzası olaraq qaynar sudan ibarət içki və ağrılı bir əzab vardır”. (“Yunus” 4).
3. Behişt və behişt nemətlərinin vədi. “İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!”. (“Nisa” 122).
4. Cəhənnəm və əbədi əzab vədi. «Və onların hamısının vədə yeri, mütləq cəhənnəmdir». (“Hicr” 43).
5. İlahi yardım vədi. “Ey iman gətirənlər! Əgər Allaha (Onun peyğəmbərinə, dininə və kitabına) yardım etsəniz, Allah da (məqsədlərinizə çatmaqda) sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər”. (“Muhəmməd (s)” 7). “Allah şübhəsiz, Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir”. (“Həcc” 40).
6. Allah evlilikdə yardım edər. “(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir”. (“Nur” 32).