Mart 17, 2019 12:42 Asia/Baku
  • Yeni Zelandiya terror aktında ölənlərin sayı 50-yə çatdı
    Yeni Zelandiya terror aktında ölənlərin sayı 50-yə çatdı

Yeni Zelandiya polisi bazar günü səhər Kristçörç şəhərində iki məscidə edilən hücumda ölənlərin sayının 50 nəfərə çatdığını bildirdi.

Terrorçular cümə günü Yeni Zelandiyanın ikinci böyük şəhəri olan Kristçörç şəhərindəki Linvud və Ən-Nur məscidlərinə hücum edərək, məsciddə olan insanları amansız şəkildə qətlə yetiriblər. 

Öncədən planlaşdırılmış bu terror aktı insanların məsciddə namaz qıldığı zaman həyata keçirilib. 

Yeni Zelandiya rəsmiləri daha öncə bu dəhşətli cinayətdə 49 nəfərin öldüyünü, 50 nəfərin isə  yaralandığını bildirmişdilər. 

Bu qanlı hücumda ölənlərin çoxu Brenton Tarrant adlı ifratçı irqçi terrorçu tərəfindən qətlə yetiriliblər. Ağdərililərin üstün irq olduğuna inanan bu qəddar terrorçu mühacirlərə böyük nifrət bəsləyir. O, Avstraliya vətəndaşıdır. 

Berenton Tarrant Ən-Nur məscidinə olan hücumunda 41 nəfəri amansızcasına qətlə yetirib. Bütün bu cinayətləri Berenton papağının üzərindəki kamera vasitəsilə canlı olaraq facebook-da paylaşıb. 

Yeni Zelandiyanın baş naziri Casinda Ardern şənbə günü səhər verdiyi açıqlamada Berenton Tarrantın silah daşımaq üçün lisenziyası olduğunu bildirib. 

Yeni Zelandiya polisi indiyə kimi terrorçulardan dördünü həbs etməyə nail olub.