Noy 24, 2015 08:23 Asia/Baku
  • İran və Rusiya strateji həmkarlıq yolunda addım atırlar
    İran və Rusiya strateji həmkarlıq yolunda addım atırlar

İran və Rusiya regionda iki mühüm və təsirli ölkə kimi və ortaq maraqlara malik olmaq səbəbindən strateji həmkarlıqların genişləndirilməsi yolunda addım atırlar.

Rusiya prezidenti Vladimir Putinin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşü və Tehran ilə Moskva arasında yeddi əməkdaşlıq sənədinin imzalanması, iki tərəfin çoxtərəfli əməkdaşlıqları genişləndirmək üzrə əzmkarlığından xəbər verir.
Qaz İxrac edən Ölkələr Forumunun üçüncü sammitində iştirak məqsədilə bazar ertəsi günü Tehrana səfər etmiş Rusiya prezidenti ilk addımda slam İnqilabının Böyük Rəhbərinin görüşünə getdi və bu görüşdə müxtəlif sahələrdə Rusiya-İran həmkarlıqlarının genişlənməsini vurğuladı.
Putin sonra Qaz İxrac edən Ölkələr Forumunun üçüncü sammitində çıxış etdi və Tehrana birgünlük səfər proqramının sonunda bazar ertəsi günü gecə İran prezidenti Həsən Ruhani ilə görüşdü. İki ölkə prezidentlərinin görüşünün nəticəsi müxtəlif sahələrdə yeddi əməkdaşlıq sənədinin imzalanması oldu.
Vladimir Putin və Həsən Ruhani ikitərəfli danışıqlardan və əməkdaşlıq sənədlərinin imzalanması mərasimində iştirakdan sonra müştərək mətbuat konfransında iştirak etdilər.
İran prezidenti Rusiya prezidenti ilə müştərək mətbuat konfransında iki ölkənin öz əlaqələrinin daha da genişlənməsi istiqamətində addım atacağını bildirərək, dedi: Nüvə anlaşmasından sonrakı şərait ikitərəfli, regional və beynəlxalq sahələrdə İran-Rusiya münasibətlərinin inkişafı üçün münasib fürsət yaradıbdır ki, bu fürsətdən iki xalqın maraqları, eləcə də region və dünyada sülh və sabitliyin bərqərarı sahəsində istifadə etmək lazımdır.
Ruhani iki ölkə arasında ticarət tariflərinin azaldılması və kredit xəttinin ayrılması barədə Putin ilə müzakirələrinə toxunaraq, qeyd edib ki, bank əlaqələri ilə bağlı məsələlər qarşılıqlı əlaqələrin inkişafı sahəsində mühüm dayaqlardandır.
Ruhani iki ölkənin uzun illər nüvə enerjisindən dinc istifadə sahəsində həmkarlıq etdiyini xatırladaraq, bildirib ki, qarşılıqlı nüvə əməkdaşlıqları genişlənəcəkdir.
İran prezidenti habelə müxtəlif regional məsələlər və terrorizmlə mübarizə sahələrində Tehran-Moskva həmkarlığına toxunaraq, iki ölkənin bu sahədə öz həmkarlıqlarını daha da genişləndirmək qərarına gəldiyini bildirib. O, həmçinin qeyd edib ki, bəzilərinin terrorizmlə mübarizədə nümayişkaranə hərəkətlər göstərmələrinə rəğmən, İran və Rusiya ciddi şəkildə terrorizmlə mübarizə aparırlar.
Rusiya prezidenti də İran prezidenti ilə müştərək mətbuat konfransında deyib ki, İslam İnqilabının Böyük Rəhbəri və İran prezidenti ilə yaxşı müzakirələr aparıb.
Vladimir Putin İran ilə Rusiya arasında əməkdaşlıq sənədlərinin imzalanmasına işarə edərək, deyib ki, Rusiya İran ilə iqtisadi həmkarlıqların genişləndirilməsi sürətini artırmaq fikrindədir və bu sahədə iki tərəfə lazım olan əmtəə mallarınn siyahısı hazırlanıb və iki ölkənin ödənişlərində milli valyutalardan istifadə olunacaqdır.
Rusiya prezidenti İran üçün Rusiya tərəfindən beş milyard dollarlıq kreditin ayrılmasından xəbər verərək, deyib ki, iki ölkə əlaqələrinin genişlənməsi üçün enerji, tikinti və rabitə sahələrində 25 mühüm layihə müəyyən edilibdir.
Putin Moskvanın dinc nüvə enerjisi sahəsində Tehranla əməkdaşlıqlarını davam etdirəcəyini qeyd edərək, bildirib ki, Rusiya yanacaq mübadiləsi, eləcə də sabit izotoplar istehsalı sahəsində İrana kömək edəcək.
Rusiya prezidenti habelə Suriya böhranının həlli sahəsində Tehran-Moskva əməkdaşlığına toxunaraq, vurğulayıb ki, Rusiya Suriya böhranının siyasi həlli sahəsindəki səylərini davam etdirəcək.

Teqlər