Zərif Avropa Parlamentinin sədri ilə görüşüb
Noy 07, 2015 20:00 Asia/Baku
-
Zərif Avropa Parlamentinin sədri ilə görüşüb
İranın xarici işlər naziri nüvə anlaşmasının təsirləri və nəticələrinə diqqəti önəmli və zəruri adlandırıb.
IRIB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif Tehranda Avropa Parlamentinin sədri Martin Şults ilə görüşdə deyib: Nüvə anlaşmasının təsir və nəticələrinə onun maddələri çərçivəsində ciddi surətdə diqqət yetirmək və onun mexanizmlərini məntiqi və prinsipial formada tətbiq etmək lazımdır.İranın xarici işlər naziri əlavə edib: Suriyada ifratçılıq prosesi bu ölkə xalqını saysız-hesabsız problemlərlə üzləşdirib, halbuki Suriya böhranının yeganə siyasi həll yolu var.
Zərif İran-Avropa Birliyi iqtisadi əməkdaşlıqlarının dərinləşməsini alqışlayaraq, belə qeyd edib: İran və Avropa Parlamentinin danışıqlarını qarşılıqlı dəyərlərə hörmət və iki tərəfin qəbul etdiyi əsas prinsiplər çərçivəsində alqışlayırıq.
Avropa Parlamentinin sədri də deyib ki, İran regional münaqişələrin həllində mühüm oyunçudur və onun sülh və sabitliyin yaradılmasındakı rolu inkar edilməzdir.
Martin Şults İran ilə Avropa Birliyinin iqtisadi əməkdaşlıqlarının genişlənməsi prosesinə toxunaraq, əlavə edib: Avropanın İranda investisiyası, ticarət mübadilələri və iqtisadi həmkarlıqlarını alqışlayırıq və bu prosesi nüvə anlaşmasının nəticələri çərçivəsində genişləndirəcəyik.