Avq 01, 2016 16:47 Asia/Baku
  • Həzrət Ayətullahülüzma Xamenei
    Həzrət Ayətullahülüzma Xamenei

İslam İnqilabının Böyük Rəhbəri deyiblər: Nüvə anlaşması bir təcrübə olaraq amerikalılar ilə müzakirənin mənasız olduğunu, onların sədaqətsizliyini və Amerikanın vədlərinə etimadsızlığın zəruriliyini bir daha sübut etmiş oldu.

Həzrət Ayətullahülüzma Xamenei bazar ertəsi günü İranın müxtəlif əyalətlərindən olan minlərlə insan qarşısında çıxışı zamanı deiblər: Nüvə anlaşması sübut etdi ki, xalqın həyat tərzinin yaxşılaşdırılması və inkişaf yolu diqqətlərin davamlı olaraq regionda və dünyada İran üçün maneələr yaratmağa çalışan düşmənlərə deyil, ölkənin daxilinə yönəldilməsidir.

İslam İnqilabının Böyük Rəhbəri İran xalqının ABŞ-ın nüvə anlaşması ilə bağlı rəftarlarından təcrübə əldə etdiyini deyərək, vurğulayıblar: Onlar deyirlər gəlin regional məsələlər haqda da sizinlə müzakirə edək. Amma, nüvə anlaşması təcrübəsi bizə deyir ki, bu iş öldürücü zəhər kimidir və heç bir məsələdə amerikalıların sözünə etimad etmək olmaz.

İnqilab Rəhbəri Amerikanın düşmənçilikləri və müdaxilələrinin İran İslam Respublikası ilə məhdudlaşmadığını deyərək, əlavə ediblər: Türkiyədə baş verən son  hadisələrdə dövlət çevrilişinə cəhdin arxasında amerikalıların dayandığına dair güclü ittihamlar var və əgər bu məsələ sübut edilərsə, bu, Amerika üçün böyük bir rüsvayçılıq olacaq.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin, regionun hazırkı durumuna işarə edərək, deyiblər: Ərəbistan dövlətinin sionist rejim ilə əlaqələrinin aşkar müstəviyə keçməsi İslam Ümmətinə arxadan vurulan xəncər və böyük bir xəyanətdir. Amma, bu böyük qələtin arxasında da Amerikanın barmağı var. Çünki, Ərəbistan dövləti ABŞ-a tabedir.

Həzrət Ayətullahülüzma Xamenei Yəmənə edilən təcavüzü, evlər, xəstəxanalar və məktəblərin davamlı şəkildə bombardman edilməsini və uşaq qırğınını Ərəbistan dövlətinin digər böyük cinayəti adlandırıb və deyiblər: Təəssüflər olsun ki, BMT uzun sürən sükutun ardınca bu cinayətləri qınamaq istədiyi zaman, pul, təhdid və təzyiq ilə susdurulur.

İslam İnqilabının Böyük Rəhbəri İslam Ümməti arasında ixtilaf törətmək məqsədi ilə təkfirçi qruplaşmaların amerikalılar tərəfindən gücləndirilməsi və himayə edilməsinə də işarə edib və deyib: Onlar təkfirçi qruplar ilə mübarizə barədə səsləndirdikləri iddiaların əksinə olaraq, bu qruplaşmalar əleyhinə heç bir təsirli iş görmürlər və daxil olan məlumatlara görə, bu qruplaşmalara kömək edirlər.

İnqilab Rəhbəri regionun problemlərinin yeganə həll yolunu müsəlman dövlətlər və xalqların yaradılması və ABŞ və bəzi Avropa ölkələrinin hegemonçuluqları qarşısında müqavimət adlandırıb və deyiblər: Amerikalıların bütün səylərinə rəğmən onların planları ifşa edildi və Amerika regionda öz mövqeyini itirməkdədir.

Teqlər