Zərif: Sepah İran xalqının fəxridir
İran İslam Respublikası xarici işlər naziri İslam İnqilabı Keşikçilər Korpusu Sepahı İranın böyük xalqının fəxri adlandırıb və bildirib: Sepah İran İslam Respublikası ordusunun yanında İranın ərazi bütövlüyünün zəmanətçisidir.
Məhəmməd Cavad Zərif şənbə gecə İranın 1-ci televiziyasının "1 Baxış" proqramında ABŞ prezidentinin İran və İslam İnqilabı Keşikçilər Korpusu Sepah əleyhinə düşmənçilik xarakterli açıqlamasını pisləyərək xatırladıb: Donald Trampın cümə gecə olan açıqlaması qeyri-münasib davranışı əks etdirirdi.
İran xarici işlər naziri amerikalıların həmişə İran xalqı ilə qarşılaşmaq və diktaturanı dəstəkləmək ardınca olduqlarını bəyan edərək deyib: ABŞ 28 mordad 1332-ci günəş ili (1953) Pəhləviyə bağlı diktatura rejimini dəstəkləmək istiqamətində İranın qanuni hökumətini devirdi.
Zərif ABŞ-ın nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq qalmamasına da münasibət bildirib: İran indiyə qədər səhlənkarlıqlar, nüvə anlaşmasının pozulması halları, təyyarənin satın alınması üçün ABŞ Xəzinədarlıq Nazirliyinin lisenziya verməsindəki təxirləri ilə əlaqədar 9 məktub yazıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin İranın nüvə anlaşmasına sadiq qalmasına dair 8 hesabatına etina etməyən ABŞ prezidenti Donald Tramp cümə gecə bildirmişdi ki, İran İslam Respublikasının Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalmasını təsdiqləməyəcək.
Avropa Birliyi və dünyanın bir çox ölkəsi Trampın bu açıqlamasından sonra nüvə anlaşmasını tam şəkildə dəstəkləyəcəklərini elan etmişdir.
Tramp İran xalqı əleyhinə əsassız ittihamları təkrarlayaraq iddia edib ki, Tehran terrorizmi dəstəkləyir və Suriya və İraqda Vaşinqton və müttəfiqlərinin dəstəklədikləri terrorçularla mübarizədə İslam İnqilabı Keşikçilər Korpusu Sepahı yeni sanksiyalar siyahısına əlavə edəcək.
İslam İnqilabı Keşikçilər Korpusu Sepah İraq və Suriyada terror qruplaşmaları ilə mübarizə üçün bu ölkələrin rəsmi müraciəti əsasında onlara hərbi məsləhətlərlə kömək etmişdir. Amma bu hərəkət Trampa heç də xoş gəlməmişdir.