İranın Qərbi Azərbaycan vilayəti AR-nin tikinti ehtiyaclarını təmin etməyə hazırdır
İranın Qərbi Azərbaycan vilayətinin Sənaye, Mədən və Ticarət Təşkilatının sədri bu vilayətin Azərbaycan Respublikasının xüsusilə də Dağlıq Qarabağ bölgəsinin tikinti sektorunun ehtiyaclarını təmin etməyə hazır olduğunu bildirib.
SəhərAzəri xəbər verir, İranın Qərbi Azərbaycan vilayətinin Sənaye, Mədən və Ticarət Təşkilatının sədri Qulamrza Babayi bu vilayətdə illik dörd milyon tondan çox sementin istehsal edildiyinə toxunaraq, deyib: Hazırda Qərbi Azərbaycandan Azərbaycan Respublikasına sement ixrac edilir və daha çox ixracat üçün də zəmin yaratmaq olar.
Babayi, Azərbaycan Respublikasının bölgədə ticarətin inkişafı üçün ən əhəmiyyətli ölkələrdən biri olduğunu bəyan edərək, deyib: "Qərbi Azərbaycan vilayətində Azərbaycan Respublikası ilə əlaqələri artırmaq üçün ticarət imkanları mövcuddur və lazımi şərait yaradılarsa, icra tədbirləri tez bir zamanda həyata keçiriləcəkdir".
Eyni zamanda Urmiyənin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Həsən İntizar da Qərbi Azərbaycan vilayətinin iqtisadi fəallarının Qarabağ bölgəsinin bərpasında iştirak etməyə və Azərbaycan Respublikası ilə iqtisadi əlaqələri genişləndirməyə hazır olduqlarını vurğulayıb.
Urmiyə Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının rəhbəri, son illərdə İran ilə Azərbaycan Respublikası arasında iqtisadi fəalların qarşılıqlı səfərlərinə toxunaraq, deyib: "Qərbi Azərbaycan vilayətinin özəl sektorunun təmsilçisi olaraq, Urmiyənin Ticarət Palatası ilə Azərbaycan Respublikasının Sahibkarlar Birliyi arasındakı razılaşmaya əsasən, qarşılıqlı əlaqələrin daha da artırılması istiqamətində iki ölkənin iqtisadi fəallarının sənaye sahəsində birgə yatırım etməsi və texniki biliklərin mübadiləsi qərara alınıb".
Bu yaxınlarda, Azərbaycan Respublikası prezidenti İlham Əliyev qonşu ölkələri, öz şirkətlərinin Qarabağın işğaldan azad edilmiş ərazilərinin bərpasında podratçı qismində iştirak etməsi üçün zəmin yaratmağa çağırıb.