İyun 23, 2022 09:40 Asia/Baku
  • İranla Rusiya arasında uzunmüddətli əməkdaşlıq gündəmdə - TƏHLİL

Tehranda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinə qarşı Qərbin sanksiyalarının sərtləşdirilməsi fonunda İran rəsmiləri ilə uzunmüddətli əməkdaşlıq sazişi və ikitərəfli iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələləri müzakirə edib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası və Rusiya ikitərəfli sahələrdə, xüsusilə iqtisadi, hərbi və təhlükəsizlik münasibətlərində, eləcə də dünyada təkvektorluluğa qarşı mübarizə kimi regional və beynəlxalq məsələlərdə strateji maraqları bölüşürlər və bu, son illərdə ikitərəfli əməkdaşlığın əsas amillərindən biri olub.

Rusiyanın Suriya məsələsində, eləcə də ABŞ-ın Qərbi Asiyada artan nüfuzu bərabərində mövqeyi İranın siyasətinə çox yaxındır; 2015-ci ilin sentyabrından Suriya böhranının ən qızğın vaxtında Tehran və Moskva beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlığı genişləndiriblər ki, bu da regionda qeyri-sabitliyin yayılmasının qarşısının alınmasında təsirli amillərdən biridir.

İran və Rusiya arasında artan siyasi əlaqələrlə yanaşı, iki ölkə arasında ticarət və iqtisadi əlaqələr də inkişaf etməkdədir. Təsadüfi deyil ki, İran-Rusiya ticarətinin həcmi 2021-ci ildə 4,5 milyard dollara çatıbsa.

2000-ci ildə İran və Rusiya 20 illik müqavilə imzalayıblar və hazırda iki ölkə yeni saziş əldə etmək üçün çalışırlar.

Digər tərəfdən İran dəmir yollarının Türkmənistan və Qazaxıstan vasitəsilə Rusiyaya birləşdirilməsi və tranzit yüklərin genişləndirilməsi, eləcə də Rusiyanın cənub bölgəsində İranla gömrük fəaliyyəti tərəflər arasında bu məqsədə çatmağa öz töhfəsini verməkdədir.

Hazırda ticarət əməkdaşlığının inkişafı, uzunmüddətli əməkdaşlığın genişləndirilməsi və bəzi maneələrin aradan qaldırılması və sanksiyaların neytrallaşdırılması səyləri iki ölkə rəsmilərinin gündəmində ciddi şəkildə durur.

Avrasiya İqtisadi İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlıq Rusiya-İran münasibətlərinin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyini göstərir.

Teqlər