İyul 20, 2022 09:54 Asia/Baku
  •  Suriya münaqişəsinin hərbi həll yolu yoxdur

Tehranda keçirilən Astana görüşünün yekun bəyanatında İran, Rusiya və Türkiyə Suriya münaqişəsinin hərbi həllinin olmadığını vurğulayıb və terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, iyulun 19-da Astana prosesinin qarant ölkələrinin yeddinci iclası Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilib.

Astana danışıqları 2017-ci ildə İran və Rusiyanın təşəbbüsü və Türkiyənin dəstəyi ilə Suriyadakı münaqişələrin həlli və bu ölkədə altı ildir davam edən müharibə, köçkünlük və dağıntılara son qoymaq məqsədi ilə başlayıb. Astana görüşü və ya Suriya sülh toplantısının birinci mərhələsi 2017-ci ilin yanvarında İran, Rusiya və Türkiyənin iştirakı ilə Qazaxıstanda keçirilib.

Dünən isə Astana prosesi çərçivəsində dövlət başçıların üçtərəfli görüşündə İran İslam Respublikası, Rusiya Federasiyası və Türkiyə Respublikası prezidentlərinin birgə bəyanatında deyilir: Üç ölkə Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə sadiqdir və Suriya Ərəb Respublikasının ərazi bütövlüyünü, eləcə də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərini vurğulayaraq, bu prinsiplərə hamı tərəfindən hörmət edilməli olduğunu bildiriblər.

Bəyanatda həmçinin Suriyanın müxtəlif bölgələrində terrorçu qrupların və onlara bağlı müxtəlif adlı dəstələrin mövcudluğunun və fəaliyyətinin artması, o cümlədən mülki obyektləri hədəf alan və günahsız insanların tələfatına səbəb olan hücumlar pislənilir və bütün müvafiq tədbirlərin tam şəkildə həyata keçirilməsinin zəruriliyi, Suriyanın şimalında müvafiq tədbirlərin görülməsi vurğulanır.

Astana prosesinin qarantı olan ölkələrin liderləri terrorizmlə mübarizə bəhanəsi ilə yerlərdə yeni reallıqlar yaratmaq cəhdlərini, o cümlədən qeyri-legitim muxtariyyət təşəbbüslərini, suverenliyin zəiflədilməsinə yönəlmiş separatçı hərəkətləri rədd ediblər. Və Suriyanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı qonşu ölkələrin milli təhlükəsizliyinə təhdidlərin yaranmasına qarşı olduqlarını ifadə ediblər.

İran, Rusiya və Türkiyə bu bəyanatda Suriyaya məxsus neftin və onun satışından əldə edilən gəlirlərin qeyri-qanuni yolla ələ keçirilməsinə və ötürülməsinə qarşı olduqlarını bildiriblər.

Bu bəyanatda bildirilir ki, üç ölkənin başçıları bütün fərdləri, qrupları, təşkilatları və terrorçu qurumları nəhayət məhv etmək məqsədilə mövcud əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bir daha vurğulayaraq, beynəlxalq humanitar tələblərə uyğun olaraq mülki əhalinin və mülki infrastrukturun qorunmasını tələb edirlər.

Tərəflər Suriyadakı humanitar şəraitdən və beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və BMT Nizamnaməsinə zidd olan bütün birtərəfli sanksiyalara görə dərin narahatlıqlarını ifadə ediblər. Onlar həmçinin bu ölkənin parçalanmasına səbəb olacaq separatizmi rədd ediblər.

Astana prosesinin qarant ölkələrinin rəhbərləri sonda sionist rejimin Suriyaya, o cümlədən mülki infrastruktura hərbi hücumlarının davam etməsini pisləyir və bu hücumları beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulması hesab ediblər.

Teqlər