Azərbaycanda referendum başa çatıb
Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) bitib.
APA-nın məlumatına görə, bu gün saat 08.00-da başlanan səsvermə saat 19.00-da başa çatıb.
Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verib, Konstitusiyanın 29 maddəsi üzrə təklif edilən dəyişikliklərə münasibətlərini bildiriblər. Rəsmi qaynaqlar referendumun baş tutuduğunu deyirlər.
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 17:00-a qədər 5 milyon 267 min 111 seçicidən 3 milyon 348 min 535 nəfəri səs verib.
Qeyd olunan vaxta qədər seçici fəallığı 63,6 faiz təşkil edib.
Müxalifət isə keçirilən referendumda qanun pozuntuları ilə bağlı iddialar irəli sürüb.
Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki , Azərbaycan xalqı kütləvi şəkildə referenduma getməkdən imtina edib. MSK-nın seçicilərin iştirak sayı ilə bağlı elan etdiyi rəqəmlər saxtadır. Səsvermədə iştirak edənlər də məntəqələrin yerləşdiyi məktəblərin və büdcə təşkilatlarının işçiləridir.
AXCP sədri Əli Kərimli Facebook səhifəsində referendum ilə bağlı ilkin mövqeyini açıqlayıb: “İstəyirlər, ümumiyyətlə seçkiləri rəsmən ləğv edib, özlərini ömürlük hakimiyyət elan etsinlər, xeyri yoxdur!”