Hikmət Hacıyev vurğulayib;
Azərbaycan-Rusiya əlaqələrinə xələl gələ bilməz
Hikmət Hacıyev deyib: Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir.
SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Hikmət Hacıyev vurğulayib ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir. Bu kimi hal Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilməz.
Hacıyev əlavə edib: "Həmçinin, məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər".