Sərhəddə gərginlik-TƏCİLİ
Azərbaycanın Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub,bir hərbçi yaralanıb.
SəhərAzəri-nin məlumatına əsasən, mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelər Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib.
Bildirilir ki, əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub.
Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur: "Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan tərəfini təxribatlar törətməkdən, vəziyyətin gərginləşməsinə səbəb olacaq digər addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırırıq."
Azərbaycanda bəzi politoloqların rəyi belədir ki, sərhəddə baş verənlərin arxasında seçkilərdə real şansı olan Paşinyanın qələbəsinə imkan verməmək üçün Ermənistanda seçkinin təxirə salınmasında maraqlı olan bəzi qüvvələr dayanır.