Azərbaycan və Ermənistan liderləri Belçikaya gediblər
Əliyev-Paşinyan görüşündə nələr müzakirə olunacaq?
Azərbaycan və Ermənistanın dövlət başçıları Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün Brüsselə gediblər. Sammitin kənarında onların ikitərəfli görüşü planlaşdırılıb.
SəhərAzəri-nin məlumatına əsasən, prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Belçikanın paytaxtı Brüsseldədirlər.
Tədbir çərçivəsində Paşinyanın avropalı həmkarları və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə ikitərəfli görüşləri, həmçinin Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüşü nəzərdə tutulub.
Dekabrın 15-də isə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş olacaq. Bu barədə Brüsseldə, “Şərq Tərəfdaşlığı” ölkələrinin dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində jurnalistlərə Avropa İttifaqının yüksək rütbəli nümayəndəsi bildirib.
Müşahidəçilər bildirirlər ki, Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Soçidə keçirilən son görüşün Brüssel görüşünə mütləq mənada təsiri olacaq. Çünki Soçi görüşü növbəti Brüssel görüşündən daha əhəmiyyətli müzakirə görüşü olmuşdur.
Ancaq Qaynarinfo-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı bildirib ki, Azərbaycan, o cümlədən Ermənistan da prosesin bir dövlətin monopoliyasında qalmasını istəmir. Əlbəttə ki, bu iki görüşü təşkil edənlər onu öz aralarında rəqabət mövzusuna çevirsələr, daimi sülhü əldə etmək də çətinləşəcək”.
Təşkilat rəhbəri bildirir ki, hamının regionda sülh istədiyinə tam əmin deyilik: "Amma ondan əminik ki, müxtəlif dövlətlər prosesdə mərkəz rolunda çıxış etmək istəyir. Ona görə də Soçi və ardınca olacaq Brüssel görüşləri bir-birinin davamıdır. Buna da sadəcə sülhün əldə olunması baxımından yox, müxtəlif maraqlı dövlətlərin prosesi nəzarətdə saxlamaq təşəbbüsü mənasında da baxmalıyıq. 30 il ərzində bütün mərhələlərdə təxminən bu cür mənzərə ilə qarşılaşmışıq”.
Millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, professor Musa Qasımlı isə Yeni Müsavat qəzeti ilə müsahibədə bildirib ki, bundan sonra bütün proseslər Ermənistan üçün uduşsuzdur. Onun sözlərinə görə, bundan əvvəl Avropa İttifaqı Azərbaycana deyirdi ki, kommunikasiyaları açın və Azərbaycan işğala görə buna razılıq vermirdi: “Brüssel görüşü Ermənistan üçün uğursuz olacaq. Axərbaycan ora böyük zəfər qazanmış halda gedirə Avropa İttifaqına deyəcək ki, siz o zaman deyirdiz ki, işğala son qoyulsun, kommunikasiyalar açılsın. İndi kommunikasiyaları kim açsın?”
Eks xarici işlər naziri Tofiq Zülfüqarov də hesab edir ki, bu görüşdən ciddi dəyişiklikləri gözləmək düzgün olmaz.