İyul 25, 2022 12:50 Asia/Baku
  • Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edilib

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edilib.

SəhərAzəri-nin məlumatına əsasən, İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyevə hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Prokuror V.Hacıyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsində həmçinin Vilyam Hacıyevin üzərinə həbs qoyulan əmlaklarının müsadirə edilməsi barədə hökm çıxarılıb. Qeyd edilib ki, təqsirləndirilən şəxsin 6 milyon 300 min manatlıq əmlak və pulu dövlət nəfinə müsadirə olunsun.

Xatırladaq ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaq, rüşvət alma və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.

Müşahidəçilərə görə, ölkədə rüşvətxorluğun və korrupsiyanın sistemli şəkildə davam etməsi onu deməyə əsas verir ki, bir- neçə məmurun həbsi problemin həllinə o qədər də təsir etməyib. 

Teqlər